Xəbər lenti

Trampla Putin razılığa gələ bilmədi: Savaş davam edəcək? (ŞƏRH)
Dünya 16:40 03.12.2025

Trampla Putin razılığa gələ bilmədi: Savaş davam edəcək? (ŞƏRH)

"Öncədən bəlli idi ki, görüş zamanı heç bir kompromis əldə edilməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskva səfəri və Rusiya lideri ilə növbəti görüşünü şərh edərkən deyib. 

"Görüşdə heç bir kompromis əldə edilməyib ki, bu da gözlənilən idi. Çünki Putin bundan əvvəl bildirmişdi ki, işğal etdikləri ərazi Rusiyada qalmalı və Ukrayna Donbasın qalan hissəsindən də çıxmalıdır. Kreml bu mövqedən geri çəkilməyəcəyi və əks halda müharibəni davam etdirəcəyini bəyan edib", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Ekspert qeyd edir ki, prosesin bu istiqamətdə cərəyan etməsi Putinin mövqeyindən geri çəkilmək niyyətində olmadığından xəbər verir:

"Görünən odur ki, Uitkoffun Moskva səfəri fonunda Trampın təklifləri və sonradan gündəmə gələn 19 maddəlik təkliflərlə bağlı söhbətlər baş tutmayıb. Deməli, Putin mövqeyindən geri çəkilmir. Ona görə də görüş nəticəsiz başa çatıb. Tərəflərin mövqeləri kəskin fərqlənir. ABŞ isə nə qədər çalışsa da, onların mövqelərini yaxınlaşdıra bilmir".

Putinin Uitkoffla görüşdə Trampa bir sıra vacib siqnallar çatdırmasına gəldikdə, həmsöhbətimizə görə, bununla Rusiya lideri yəqin ki, növbəti görüşlərin olması ehtimalını nəzərdə tutub: 

"Bununla yəqin ki, danışıqların bitmədiyi, davam edəcəyi barədə mesajı verib".
 
Qeyd edək ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşneri qəbul edib. Görüş təxminən beş saat  davam edib. Rusiya tərəfinin məlumatına görə, əsas mövzu Ukrayna ilə bağlı olan görüş faydalı, konstruktiv və məlumatverici olub. Görüşdə Kreml sahibinin Ağ Ev sahibinə bir sıra vacib siyasi siqnallar çatdırdığı da bildirilir. Tərəflər Amerika təkliflərinin mahiyyətini müzakirə ediblər. Lakin əsas məsələlərdə hələlik kompromis əldə olunmayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->