"Əvvəla onu deyim ki, mənim Zəngəzur haqda yazdığım bu şeirin qonşu dövlətdə yaratdığı rezonansı və ajiotajı heç də onların rəsmi dövlət mövqeyi hesab etmirəm".
Bu sözləri Qaynarinfo-ya tanınmış bəstəkar-şair, vətənpərvərlik və hərbi mövzularda mahnıları dillər əzbəri olan Şahin Musaoğlu yazdığı "Zəngəzur” şeiri və onun sözlərinə yazılmış mahnıya erməni mediasında gedən yazılarla bağlı danışarkən deyib. O, bu fikirləri avantürist dairələrin işi adlandırıb:
"Öz KİV-lərində və sosial mediada səsləndirdikləri etirazlar bəzi avantürist dairələrin və onlara havadarlıq edən siyasətçilərin sifarişli kampaniyasıdır. Əslində, mənim mahnılarım orada çox populyardır və onlar hələ Birinci Qarabağ müharibəsindən məni izləyir, müsahibələrimə, şeir və mahnılarıma, ümumiyyətlə yaradıcılığıma bu və ya digər şəkildə sosial şəbəkələr vasitəsilə münasibət bildirirlər.
Onu da deyim ki, mənim Zəngəzur haqda yazdığım bu şeiri bir çox dillərə, o cümlədən erməni və rus dillərinə tərcümə edib tirajlamaları artıq ikinci dəfədir.
Xatırlayırsınızsa, 2-3 il əvvəl də öz sosial şəbəkələrində söz və musiqisi mənə məxsus olan "Cənab Leytenant” mahnısını bir çox dillərə tərcümə edib paylaşmışdılar. Hətta iş o yerə gəlib çatmışdı ki, bir müddət bu, bir lətifəyə çevrilərək onların özlərinin bütün dünya qarşısında gülüş obyektinə çevrilməsinə səbəb olmuşdu. İndi də mənim Zəngəzur şeirimi tərcümə edib yaymalarını eyni aqibət gözləyir. Əvvəla onu deyim ki, bu şeirdə Ağrı dağı deyil, "Tanrı dağı”ndan söhbət gedir:
"Tanrı dağdan əsən yel
Min illərdir yol gəlir.
Gəlir Turan elləri birləşdirən qol gəlir.”
Məlumat üçün elə sizin vasitənizlə onlara bildirim ki, Tanrı dağı (Tenqri dağı) heç də sizin işinizə yarayan – o xəyal və xülya məhsulu deyil, bir ucu Orta Asiyadan başlayıb düz Çin dövlətinin sərhədlərinə qədər (Sincan-Uyğur bölgəsini də əhatə edən) 2900 km-lik dağ silsiləsidir və UNESCO-nun Dünya İrsi siyahısında qeydiyyata alınmış əsrarəngiz bölgədir.
İndi sual edirəm: Bu bölgənin erməni xalqına, coğrafiyasına və dövlətinə nə aidiyyəti var?
Yox əgər siz bu dağ, bu bölgə haqda məlumatsızsınızsa, Tanrı dağını Ağrı dağı kimi anlayıb elə qəbul etmisinizsə, onda bu da bizim el məsəlimizdə deyildiyi kimi "karın könlündəki” ifadəsinə uyğun gəlir.
Axı necə ola bilər ki, özünüzə düşmən elan etdiyiniz bir dövlətin ərazisindəki bir dağın adını dəyişib Ararat qoyursunuz, heç bir əsaslı fakta, tarixi mənbəyə istinad etmədən cəfəng iddialarla onu qanunsuz olaraq Konstitusiyanızda və gerbinizdə rəsmiləşdirib, saxta tarix uydurur, özünküləşdirir, dərsliklərə salaraq gələcək nəsillərinizə tədris edirsiniz — amma biz sənədli, sübutlu şəkildə, qayda-qanunla bizə məxsus olan, öz dədə-baba yurdumuzun şəninə şeir yazıb mahnı qoşa bilmirik?!
Aydındır ki, bizim şeirdəki "Zəfər” sözü, "Zəfər yolu” ifadəsi onları qıcıqlandırır.
Axı çox uzaq tarix deyil — cəmi 100-150 il geriyə baxmaq kifayətdir ki, Qafan, Gorus, Mehri, Göyçə və bütövlükdə Basarkeçər-Zəngəzurun əsl sahiblərinin kim olduğu aydın görünsün.
Necə olur ki, 30 ilə yaxın müddətdə Şərqi Zəngəzuru — Zəngilanı, Cəbrayılı, Qubadlını, Laçını işğalda saxlayıb talan və viran edə bilirsiniz, biz isə qanımız və canımız bahasına bu torpaqları azad edib onun adını "Zəfər” qoya bilmirik?
Biz qalib və sülhsevər xalqıq.
Sözümüzün də, imzamızın da ağasıyıq.
Sözümüzün də, imzamızın da sahibiyik.
Amma bu o demək deyil ki, tariximizi unutmuşuq və öz əzəli torpaqlarımızı dilimizə gətirməməliyik. Bu, bizim tariximizdir. Heç kəs də bu tarixi bizə unutdura bilməz.
Bəli, bunun adı Zəfərdir, bu yolun da adı Zəfər yoludur.
Çünki Azərbaycanı Azərbaycanla birləşdirəcək bu yol 44 günlük müharibədə əldə etdiyimiz zəfərdən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu, Şərqlə Qərbi bir-birinə birləşdirən yol olacaq.
Siz sevinin ki, Azərbaycan sizə bu şansı verir. Ölkəniz Azərbaycanın hesabına Şərq və Qərbin iqtisadi tərəfdaşına çevrilə bilər. Siz bizə minnətdar olmalısınız ki, bu fürsət sizin üçün də iqtisadi baxımdan Zəfər yoluna çevrilsin.
Bu şeirdə anlatmaq istədiyim başqa maraqlı məqamlar da var. Onlardan biri mərhum prezident Heydər Əliyevin arzularının gerçəkləşməsinə olan mesajdır.
Bu gün Ali Baş Komandan İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş olacaq”.
Aydın
Şərhlər