Osaka Universitetinin alimləri ənənəvi PCR testlərini əvəz edə biləcək yeni bir DNT analiz üsulu hazırlayıblar.
Qaynarinfo bu barədə "ACS Sensors" jurnalında dərc olunmuş beynəlxalq araşdırmaya istinadən xəbər verir.
Bu texnologiya PCR testlərindən fərqli olaraq, DNT-nin lazım olan hissəsini dərhal aşkar etməyə imkan verir və bunun üçün lazer şüası və xüsusi hissəciklərdən istifadə olunur. Yeni metod daha sürətli, ucuz və sadə olduğu üçün hər kəs üçün əlçatan ola bilər.
PCR testləri COVID-19 pandemiyası dövründə geniş istifadə olunmağa başlasa da, onlar bahalı avadanlıq, vaxt və mütəxəssis iştirakı tələb edir. Osaka alimlərinin hazırladığı bu yeni üsul isə cəmi beş dəqiqəyə nəticə verir və hətta ən müasir PCR testlərindən on dəfə daha həssasdır.
Yeni texnologiyanın əsas prinsipi belədir: araşdırılan DNT-yə xüsusi hissəciklər əlavə olunur. Bu hissəciklər DNT-nin konkret hissələrinə "yapışa" bilir. Daha sonra qarışığa lazer şüası yönəldilir. Lazer hissəcikləri hərəkətə gətirməklə onların düzgün DNT bölgələrini tapmasına kömək edir və eyni zamanda onları qızdıraraq aşkarlamanın dəqiqliyini artırır.
Alimlərin fikrincə, bu üsul tibbdə - xərçəngin və yoluxucu xəstəliklərin erkən diaqnostikasında, ərzaq keyfiyyətinə nəzarətdə, ekoloji monitorinqdə və gələcəkdə ev şəraitində istifadə edilə bilən testlərdə tətbiq oluna bilər.
Tədqiqatın müəllifləri bildiriblər: "Biz istəyirik ki, bu cür sürətli və asan diaqnostika istənilən şəraitdə - evdə, klinikada və digər yerlərdə əlçatan olsun".
Alimlər hesab edirlər ki, bu yenilik DNT analizini temperatur ölçmək qədər sadə və gündəlik hala gətirə bilər.
Samir
Şərhlər