Süni intellekt arxeoloqlara Peru səhralarında yerləşən məşhur Naska xətlərinin sirrini açmaqda yardımçı olub.
Qaynarinfo "Science Focus" jurnalına istinadən xəbər verir ki, tədqiqatçılar süni intellektdən istifadə etməklə daha 303 yeni heoqlifi aşkar ediblər. Bu tapıntı alimlərin yüz ildən çoxdur üzərində işlədiyi bu sirrin açılmasına böyük töhfə verib.
Naska xətləri - eramızdan əvvəl 200-cü ildən eramızın 650-ci ilinə qədər Naska xalqı tərəfindən yaradılmış nəhəng torpaq üzərindəki rəsmlərdir. Səhralıq ərazidə yerləşən bu təsvirlər heyvanlar, bitkilər və əmək alətlərini əks etdirir. Quraq torpaqdan "kətan" kimi istifadə edən qədim peruansılar elə miqyasda əsərlər yaradıblar ki, onların tam görünüşünü yalnız havadan müşahidə etmək mümkündür.
1940-cı illərdən bəri aparılan yerüstü və hava tədqiqatları nəticəsində 430-a yaxın xətt müəyyənləşdirilsə də, bu təsvirlərin mənası hələ də müzakirə mövzusudur. Bu sirrin açılması üçün arxeoloqlar süni intellektin imkanlarına üz tutublar. Yamagata Universitetindən professor Masato Sakainin sözlərinə görə, cəmi altı ay ərzində yeni 303 heoqlif aşkarlanıb ki, bu da məhz süni intellektin böyük həcmdə məlumatları sürətli şəkildə emal etməsi ilə mümkün olub.
Tədqiqatçılar süni intellektə aerofotoşəkilləri analiz etməyi öyrədiblər və bu vasitə ilə daha əvvəl görünməyən təsvirlər üzə çıxarılıb. Alimlərə görə, bu yanaşma yalnız yeni xətlərin müəyyənləşdirilməsinə deyil, həm də qədim sivilizasiyaların öyrənilməsinə yanaşmanın dəyişməsinə səbəb olub. Süni intellekt aerofotoşəkillərdə insan gözünün fərqinə vara bilməyəcəyi qanunauyğunluqları aşkar edə bilir, bu da xəritələşdirməni və tarixi qalıqların təhlilini daha səmərəli və dəqiq edir.
Naska xətləri torpağın üst qatının qaşınaraq altındakı açıq rəngli materialın üzə çıxarılması ilə yaradılıb. Onların dəqiq və mürəkkəb quruluşu qədim peruansılar arasında geometriya və proporsiyalara dair dərin biliklərin olduğunu göstərir.
Yeni heoqlifləri süni intellekt vasitəsilə təhlil edən tədqiqatçılar onların çoxunun dini mərasimlərin keçirildiyi yolların bir hissəsi ola biləcəyini ehtimal edirlər. Bu da onların sadəcə sənət əsəri deyil, həm də mənəvi və mədəni simvollar olduğunu təsdiqləyir.
Sautqempton Universitetinin süni intellekt və arxeologiya üzrə mütəxəssisi, doktor Aleksandra Karamitrou bildirib ki, süni intellekt arxeologiyada hələ mükəmməl deyil, lakin bir neçə ilə biz insanlara zaman, enerji və pul qazandıran daha dəqiq alqoritmlər hazırlamaq mümkündür.
Aydın
Şərhlər