Bakının avtobus dayanacaqlarının yenilənməsi layihəsi başlayacaq.
Valyuta.az xəbər verir ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" Publik Hüquqi Şəxsinin elan etdiyi layihənin qalibi bəlli olub.
Belə ki, "Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini satın alan şirkət "SMCS" MMC olub.
Bağlanan müqaviləyə görə, "SMCS" MMC-yə 1 milyon 744 min 985,96 manat veriləcək. Xatırladaq ki, bu layihənin həyata keçirilməsi üçün əvvəl təyin olunan məbləğ 2 milyon 496 min 863 manat idi.
Qalib şirkət "SMCS" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkət əvvəllər SM Construction Supplies MMC adı altında fəaliyyət göstərib. 2023-cü ilin sentyabr ayında isə adını dəyişərək indiki adı – "SMCS” adı altında fəaliyyət göstərməyə başlayıb.
Məlumata görə, 10 manat nizamnamə kapitalı olan şirkətin sonradan, 2022-ci ilin iyul ayında qaldırılaraq 49 000 manat olub. Həmin ilin sentyabrından isə nizamnamə kapitalı artırılaraq 88 min 500 manat olub.
MMC-nin əvvəlki qanuni təmsilçisi Heydərli Ehtiram Etibar oğlu olub. Belə ki, Ehtiram Heydərlinin adı iki məhkəmə çəkişməsində keçib. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə "Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edib. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb. Şirkətin indiki qanuni təmsilçisi isə Cəfərov Mübariz Məhərrəm oğludur.
Araşdırmamıza görə, "SMCS" MMC müxtəlif işlər üzrə milyonluq tenderlər udub. Belə ki, qalib şirkət yolların əsaslı təmiri işləri, elektrik təchizatının təmin olunması, inşaat materialları əlaqədar işlərin görülməsi, təmir-tikinti və.s kimi işlər üzrə vəzifələri icra edib. Bu şirkət 2024-cü ildə ümumilikdə 15 milyon 111 min 960 manat olan 11 tender udub.
Şərhlər