NASA 2030-cu il üçün Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən idarəolunan şəkildə çıxarılması üzrə plan hazırlayıb. Lakin hazırda gözlənilməz bir fövqəladə vəziyyət zamanı stansiyanın təhlükəsiz şəkildə təxliyəsi üçün konkret bir mexanizm mövcud deyil.
Qaynarinfo xəbər verir ki, 1998-ci ildən bəri Yer kürəsindən təxminən 400 kilometr yüksəklikdə orbitdə fəaliyyət göstərən BKS köhnəlmiş avadanlıqları və artmaqda olan texniki nasazlıqları səbəbindən yaxın illərdə fəaliyyətdən çıxmağa hazırlanır.
NASA-nın Aviasiya təhlükəsizliyi üzrə məsləhət panelində (ASAP) BKS-nın mövcud vəziyyəti və gələcəkdə qarşıya çıxa biləcək risklər müzakirə olunub. Qeyd edilib ki, uzun müddət xidmətdə olması səbəbindən stansiya istismar və texniki xidmət baxımından kritik problemlərlə üz-üzədir.
Stansiyanın Rusiyaya məxsus "Zvezda" modulundakı hava sızması BKS-nın qarşılaşdığı ən ciddi texniki nasazlıqlardan biri hesab olunur. İlk dəfə 2019-cu ildə aşkar edilən bu sızma əvvəlcə gündə yarım kiloqram hava itkisinə səbəb olurdu. 2024-cü ilə gəldikdə isə bu göstərici bir kiloqrama çatıb və problemin getdikcə ciddiləşdiyi bildirilir.
NASA və "Roscosmos" problemi həll etmək üçün əməkdaşlıq etsələr də, sızmanın dəqiq mənbəyi hələ də müəyyən olunmayıb. Astronavtlar müvəqqəti tədbirlərlə vəziyyəti nəzarətdə saxlamağa çalışsalar da, bu həll yolları uzunmüddətli deyil.
Orbitdən çıxış üzrə fövqəladə plan müəmması
BKS-nın idarəolunan şəkildə orbitdən çıxarılması üçün NASA-nın 2030-cu ilə qədər planı mövcuddur. Lakin qəfil texniki nasazlıq və ya təhlükəsizlik problemi halında stansiyanın necə təxliyə ediləcəyinə dair konkret strategiya hazırlanmayıb. Bu isə stansiyanın nəzarətsiz şəkildə Yerə düşməsi riskini artırır. NASA-nın təhlükəsizlik mütəxəssisləri yaşayış ərazilərini təsir edə biləcək mümkün dağıntı ssenarilərinə qarşı tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Panel üzvləri bu problemin həlli üçün "ABŞ orbitdən çıxış vasitəsi" adlı xüsusi bir mexanizmin hazırlanmasını təklif ediblər. Bu vasitə vasitəsilə stansiyanın idarəolunan və təhlükəsiz şəkildə orbitdən çıxarılması mümkün ola bilər.
Yaşam dəstəyi sistemləri və büdcə problemləri
BKS-daki yaşam dəstəyi sistemlərinin texniki xidmətində ehtiyat hissələrinin çatışmazlığı ciddi çətinliklər yaradır. Yüklərin çatdırılmasındakı gecikmələr səbəbindən astronavtların ehtiyac duyduğu bir sıra həyati materialların vaxtında təhvil verilə bilmədiyi bildirilib.
NASA-nın Aviasiya təhlükəsizliyi üzrə məsləhət panelinin üzvü Riç Uilyams qeyd edib ki, büdcə məhdudiyyətləri bu problemləri daha da artırır. O, UKS-nin təhlükəsiz şəkildə fəaliyyətini dayandırması üçün yetərli maliyyə vəsaitinin ayrılmasının son dərəcə vacib olduğunu bildirib.
NASA-nın təhlükəsizlik hesabatına əsasən, BKS hazırda fəaliyyət dövrünün ən riskli mərhələsinə daxil olub. Stansiyanın orbitdən çıxarılmasından əvvəl fövqəladə vəziyyət planlarının hazırlanması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi astronavtların təhlükəsizliyinin təmin olunması və Yerə düşə biləcək dağıntı riskinin azaldılması baxımından mühüm rol oynayacaq.
Aydın
Şərhlər