Dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan "Oskar" mükafatlandırma mərasimi radikal dəyişikliklərlə üz-üzə qalacaq. Artıq 2026-cı ildə, 15 martda Los-Ancelesdə keçiriləcək 98-ci "Oskar" mərasimi yeni qaydalarla baş tutacaq və bu dəyişikliklər tədbirin çoxsaylı pərəstişkarlarını təəccübləndirə bilər.
Qaynarinfo xəbər verir ki, "Variety” nəşrinin yazdığına görə, əsas yeniliklərdən biri filmlərdə süni intellektin istifadəsinə aid
olacaq.
Amerika Kino Akademiyası yeni qayda olaraq bildirib ki, süni intellekt və digər rəqəmsal alətlərdən istifadə filmin hansısa nominasiyaya düşməsinə nə kömək edəcək, nə də maneə olacaq. Lakin eyni zamanda münsiflər heyəti filmin yaradılmasında insan yaradıcılığının dərəcəsini xüsusi diqqətlə qiymətləndirəcək.
Bundan əlavə, 2026-cı ildən etibarən "Oskar"da yeni bir nominasiya da təqdim ediləcək: kastinq üzrə mütəxəssislər artıq xüsusi mükafat alacaqlar. İlk 10 filmdən ibarət qısa siyahı bu il ərzində tərtib ediləcək. Namizədlər isə filmin yaradıcı komandası ilə əməkdaşlıq səviyyəsinə və konkret layihəyə verdikləri töhfəyə əsasən seçiləcək.
Ən mühüm yeniliklərdən biri isə budur ki, yeni qaydalara əsasən hər bir münsif nominasiyaya düşmüş bütün filmləri mütləq izləməlidir. Amerika Kino Akademiyası bu dəyişikliyin nominasiyaların daha obyektiv və dolğun qiymətləndirilməsinə səbəb olacağına əmindir.
Baxmayaraq ki, bu qayda əvvəldən təbii qəbul edilə bilərdi, məlum olub ki, indiyədək bir çox akademiklər bəzi filmləri izləmədən onlara səs veriblər.
Qeyd edək ki, daha əvvəl bildirildiyi kimi, "Oskar"ın 100 illik yubileyi münasibətilə daha bir yeni nominasiya – "kaskadyor işi üzrə ən yaxşı iş" təqdim olunacaq. İlk dəfə olaraq kaskadyorlar 2028-ci ildə, 2027-ci ildə çəkilmiş filmlərdəki rollarına görə "Oskar" heykəlciyi alacaqlar.
Alpər
Şərhlər