Yeni nəsil DNT ardıcıllığı texnologiyası (NGS) tibbdə mühüm irəliləyişlər təmin etsə də, mütəxəssislər bu sistemlərin kibertəhlükələrə açıq olduğunu vurğulayırlar.
Qaynarinfo xəbər verir ki, genetik profilləşdirmə və məlumat manipulyasiyası kimi risklər təkcə fərdi məxfiliyi deyil, həm də milli təhlükəsizliyi təhdid edə bilər.
"IEEE Access" jurnalında dərc olunan bir araşdırma göstərir ki, yeni nəsil DNT ardıcıllığı texnologiyası (NGS) kibertəhlükəsizlik baxımından ciddi risklər daşıyır. Həssas tibbi araşdırmalar, xərçəng və yoluxucu xəstəliklərin izlənməsi kimi sahələrdə istifadə olunan NGS texnologiyası, genetik profilləşdirmə və məlumat manipulyasiyası kimi təhlükələrə qarşı yetərincə qorunmamış ola bilər.
Portsmut Universitetindən Dr. Nasrin Encum qeyd edir ki, genomik məlumatların təhlükəsizliyini təmin etmək üçün mövcud şifrələmə texnikaları kifayət etmir. Araşdırmada süni şəkildə yaradılmış DNT-yə zərərli proqram yerləşdirilməsi, süni intellekt vasitəsilə genom məlumatlarının dəyişdirilməsi və fərdlərin genetik kimlikləri əsasında izlənməsi kimi kritik təhlükəsizlik boşluqları önə çəkilir.
Mikrobioloq Dr. Mahrin-ül-Həssən isə genom məlumatlarının elmi və şəxsi baxımdan yüksək əhəmiyyət daşıdığını bildirərək, bu məlumatların pozulmasının ənənəvi məlumat pozuntularından daha ciddi nəticələr doğuracağını vurğulayır.
Araşdırma genomik məlumatların təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görülməsinin vacibliyini qeyd edir. Təklif olunan həllər arasında bunlar yer alır:
* Təhlükəsiz DNT ardıcıllığı metodlarının tətbiqi ilə məlumat pozuntularının minimuma endirilməsi,
* Şifrələnmiş məlumat saxlama sistemlərinin gücləndirilməsi,
* Süni intellektlə dəstəklənən təhlükəsizlik vasitələri ilə anormal fəaliyyətlərin aşkar edilməsi.
Bundan əlavə, biotexnologiya, kompüter elmləri və kibertəhlükəsizlik mütəxəssislərinin birgə fəaliyyəti gələcəkdə genomik məlumat pozuntularının qarşısını almağa kömək edə bilər. Dr. Əncum mövcud təhlükəsizlik protokollarının yetərsiz olduğunu və biotəhlükəsizlik sahəsində ciddi boşluqların mövcudluğunu vurğulayır.
Tədqiqatçılar genomik məlumatların sui-istifadəsinin müşahidə, ayrı-seçkilik və hətta bioterrorizm kimi ciddi nəticələrə səbəb ola biləcəyini bildirirlər. Bu səbəbdən beynəlxalq əməkdaşlıq və hüquqi tənzimləmələrin formalaşdırılması zəruri sayılır.
Genetik məlumatların təhlükəsizliyi ilə bağlı bu boşluqların aradan qaldırılması, gələcəkdə daha etibarlı və etik elmi araşdırmalara zəmin yarada bilər. Mütəxəssislər bu sahədə maarifləndirmənin artırılmasının kibertəhlükəsizlik strategiyaları baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirirlər.
Aydın
Şərhlər