Azərbaycan çempionatında mübarizə aparan futbol klublarının büdcələri rəsmən açıqlanmadığı üçün biz onların xərcləri və gəlirləri haqqında konkret məlumata sahib deyilik. Amma müəyyən hesablamalar aparmaq, heyətdəki futbolçuların transfer qiymətlərinə əsasən mülahizələr yürütmək mümkündür. AFFA-nın sonuncu Hesabat Konfransında açıqlanan rəqəmlər də göstərdi ki, futbol yetərincə bahalı idman növüdür. Söhbət konkret milyonlardan, hətta on milyonlardan gedir. Təəssüflər olsun ki, bu milyonların qarşılığında ölkə futbolu bataqlıqdan xilas ola bilmir, adımız "cırtdanlarla”, zəiflərlə yanaşı çəkilir.
"Qarabağ” xaric digər klublarımızın gəlir əldə edə bilmədiyi də aksiomadır. "Köhlən atlar” uzun müddətdir ki, avrokuboklarda üzümüzü ağ edir. Eyni zamanda da ucuz qiymətə aldığı futbolçuların potensialını açıb, onları yüksək məbləğə zəngin klublara satmağı bacarır. Bunun da sayəsində "Qarabağ”ın kassasına mənfəət sayılan pullar daxil olar. Digərləri isə heç şübhəsiz ki, "cibdən” yeyir. Ata-ananın, nənə-babanın ərköyün balaları kimi. Heç şübhəsiz ki, həmin o ərköyün, amma yağ içində böyrək kimi üzən klubların başında "Sabah”la "Neftçi” gəlir. İkisinin də yetərincə sanballı sponsoru, səxavətli, amma işini bacarmayan rəhbərliyi var.
Əlimizdə konkret rəqəmlər olmasa da, "Sabah”la "Neftçi”nin "Qarabağ”dan sonra Azərbaycanın ən zəngin klubu olduğunu deyə bilərik. Hər ikisinin heyətindəki bahalı legionerlərin sayını-hesabını itirmişik. Sözsüz ki, həmin o legionerlin gətirilməsinə milyonlar xərclənib. Azərbaycandan valyuta ilə pul çıxaran təkcə futbolçular deyir. "Sabah” birmənalı olaraq əcnəbi çalışdırıcılara tapşırılır, gəlmələr bu klubun "sükanı” arxasında bir-birini əvəz edir. "Neftçi”nin baş məşqçisi yerli olsa da, klubun icraçı direktoru türkiyəli Cenk Sümerdir. Varlığa nə darlıq? Deməli, pul var ki, xaricdən futbolçularla yanaşı məşqçi, idarəçi, menecer gətirə bilirlər.
İnsafən, bu xasiyyətinə görə klublarımız AFFA-ya çəkib. Elə futbolu idarə etməyi, "nəticə qazanmağı” da AFFA kimi bacarırlar. "Sabah” bu mövsüm keçirdiyi 31 oyun 39 xal toplayıb, cəmi 8 qələbə qazanıb. Eyni sayda qələbə qazanan "Neftçi”nin məğlubiyyət sayı çox olduğundan "ağ-qaralar” 35 xal toplayıb. Masazır təmsilçisi turnir cədvəlində 5-ci pillədədirsə, "Neftçi” "bayquşlar”dan bir pillə geri qalır. Yəni ki, milyonları havaya sovuran zəngin klublarımız çempionatdan avrokuboklara qatılmaq şanslarını itiriblər. 3-cü pillədəki "Araz Naxçıvan” "Sabah”la "Neftçi”dən xeyli uzaqdadır. Deməli, hər iki klub mövsümü boşa verib. Sonuncu ümid yeri ölkə kubokudur. Hərgah ki, hazırkı vəziyyətdə onların kuboku götürəcəyi də inandırıcı görünmür.
Amma atalar demişkən, yeməkdənsə ümid yaxşıdır. "Sabah”la "Neftçi” də indi həm sponsorların, həm də azarkeşlərin başını bir az da qatmaq üçün o ümiddən yapışıblar. Həmin ümidin də ömrü çox qısadır, çünki ikisindən biri sabah axşam o ümiddən də məhrum olacaq. Yarımfinalda qarşılaşan "Sabah”la "Neftçi”nin ikisindən biri üçün kubok sevdası, eyni zamanda da avrokuboklara vəsiqə ümidi bitmək üzrədir. İndiki halda "Sabah” final bir addım yaxın görünür, çünki Masazır təmsilçisi ilk oyunda 2:1 hesabıyla qələbə qazanıb. Qalır bu üstünlüyü qorumaq.
Bu son şansdır. Sonra isə biri yeni bəhanələr axtarmağa gedəcək, digəri isə finala qədər dərindən nəfəs alacaq. Unudacaqlar ki, bütün bunlar aldadıcıdır. Dəyişməyən bir həqiqət var ki, o da "Sabah”la "Neftçi” üçün bu mövsümün fiaskoya çevrilməsidir. Heç bir strategiyası olmayan, normal transfer etməyi, oyunçu seçməyi, məşqçi tapmağı bacarmayan klubların fəaliyyətinə başqa cür ad vermək mümkün deyil.
Amal Abuşov
Şərhlər