Omega-3 - hormonların sintezi üçün vacib olan, həmçinin ürək, beyin və immun sisteminin fəaliyyətini dəstəkləyən çox doymamış yağ turşularıdır. Lakin bazarda olan bütün əlavələr eyni dərəcədə effektiv deyil.
Qaynarinfo xəbər verir ki, Omega-3 seçərkən yol verilən geniş yayılmış səhvlər barədə gazeta.ru portalına endokrinoloq-diyetoloq Mariya Skibitskaya danışıb.
Birinci səhv - xammal mənbəyinə diqqət yetirməmək
"Nutrasetiki seçərkən onların hazırlanmasında istifadə olunan xammalın mənbəyini və balıq yağının təmizlənmə dərəcəsini araşdırmaq vacibdir. Etibarlı xammal təchizatçıları və istehsalçılar bu məlumatları gizlətmirlər. Keyfiyyətli xammal xüsusi təmizlənmə prosesindən keçir, bu zaman ağır metallar kimi yad maddələr tamamilə uzaqlaşdırılır", deyə ekspert bildirib.
İkinci səhv - EPA və DHA konsentrasiyasını nəzərə almamaq
"Adətən yüksək keyfiyyətli Omega-3 əlavələrində əsas faydalı turşular - eikosapentaen turşusu (EPA) və dokozaheksaen turşusu (DHA) üzrə standartlaşdırma aparılır. Lazımi gündəlik dozanı və qəbul müddətini təyin etmək üçün mütləq həkimlə məsləhətləşmək lazımdır", deyə Skibitskaya tövsiyə edib.
Üçüncü səhv - vəsaiti yanlış xərcləmək və ya şübhəli alternativlər almaq
"Omega-3 havayla təmasda, işıqda, hətta orqanizmdə belə oksidləşə bilər. Keyfiyyətli qoruyucu qablaşdırmadan əlavə, tərkibində onu oksidləşmədən qoruyan antioksidant - məsələn, E vitamini də olmalıdır. Məhz belə nutrasetiklərə üstünlük verilməlidir. Saxta məhsullardan ehtiyatlı olun və etiketləri diqqətlə oxuyun. Lazımi sertifikatlardan keçmiş əlavələri seçməyə çalışın", deyə mütəxəssis qeyd edib.
Mariya Skibitskayanın fikrincə, Omega-3 qəbul etmək sağlamlığa edilən bir investisiyadır, lakin yalnız düzgün yanaşma ilə faydalı ola bilər. İstifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək mütləqdir.
Aydın
Şərhlər