Xəbər lenti

Xəzər Universitetinin əməkdaşları Daşkənddə keçirilən III Beynəlxalq Simpoziumda
Foto 13:14 13.10.2025

Xəzər Universitetinin əməkdaşları Daşkənddə keçirilən III Beynəlxalq Simpoziumda

2025-ci il oktyabrın 6-8-də  Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd İqtisadiyyat və Pedaqogika Universiteti, Türkiyənin Ege Universiteti və İzmir şəhərindəki Azərbaycan Fondunun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində "Türk Dünyasının Yeniləşmə Prosesləri: Türk Dünyasında Cədidçilik” mövzusunda III Beynəlxalq Simpozium keçirilmişdir.

Tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası və digər ölkələrin universitetlərindən tədqiqatçılar, eləcə də "Cədidçilik” mövzusunda elmi araşdırmalar aparan alimlər, həmçinin Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin bir qrup müəllimi  simpoziumda iştirak etmişdir.

Simpoziumun plenar iclasında Təşkilat komitəsinin sədri, Türkiyənin Ege Universitetinin Müasir Türk Dilləri və Ədəbiyyatı bölümünün müdiri, Dos. Yılmaz Özkaya, Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru, Prof. Şəkərboy Canikulov,   Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin elmi işlər üzrə prorektoru, Prof. Marifjon Yuldaşev, "Cədid” qəzetinin baş redaktoru İqbol Mirza və digər qurumlardan olan professor və alimlər çıxış edərək, simpoziumun məqsəd və əhəmiyyətini vurğulamışlar.

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, Dos. Dilbər Zeynalovanın sədrlik etdiyi paneldə Prof.  Bədirxan Əhmədov "Türk dünyasının modernləşməsində dini vəhdət və milli birlik amili: Cəmaləddin Əfqani”,  Dos. Zivər Hüseynli Baylan və Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva "Azərbaycanın modernizm simalarından biri: Seyid Əzim Şirvani”; Dr. İlkiyyə Hacıyeva "Azərbaycan dramaturgiyasında qadın: hüquqsuzluq, maarifçilik və müqavimət” adlı məruzələrlə çıxış etmişlər.

Simpoziumun ikinci günü Çırçıq şəhərində yerləşən Mənəviyyat Sarayında "1 oktyabr - Müəllimlər və Tərbiyəçilər Günü” münasibətilə tədbir keçirilmiş,  sonra iştirakçılar üçün şəhər gəzintisi təşkil olunmuşdur.

Simpoziumun sonuncu günü isə iştirakçılar Özbəkistanın tarixi və mədəniyyət baxımından zəngin şəhərlərindən olan Səmərqəndə olmuş, qədim şəhərin tarixi məkanlarını, o cümlədən Əmir Teymurun türbəsini ziyarət etmişlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->