Xəbər lenti

WUF13 çərçivəsində “Uşaq və şəhər” paneli keçirildi: Uşaqlar danışdı, böyüklər dinlədi (FOTOLAR)
Foto 12:11 20.05.2026

WUF13 çərçivəsində “Uşaq və şəhər” paneli keçirildi: Uşaqlar danışdı, böyüklər dinlədi (FOTOLAR)

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Uşaq və şəhər” paneli baş tutub. Panel "WUF13 Urban Expo”da yerləşən QHT Pavilyonunda keçirilib və uşaqların şəhər mühitində təhlükəsizliyi, əlçatanlığı, inklüzivliyi və iştirak hüquqları mövzusunda mühüm müzakirə platformasına çevrilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə ekspertlər, təlimçilər, xüsusi pedaqoqlar, yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək şəhər siyasətində uşaqların hüquq və ehtiyaclarının daha geniş nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Azərbaycan və ingilis dillərində keçirilən panelin moderatoru Yavru Rəhimli layihənin məqsədini iştirakçıların diqqətinə çatdıraraq bildirib:

"Bu gün burada əsas məqsəd şəhərlərə uşaqların gözü ilə baxmaq, onların hisslərini, ehtiyaclarını və baxışlarını ictimai müzakirənin mərkəzinə gətirməkdir. Şəhərlər yalnız memarlıq, infrastruktur və nəqliyyatla ölçülmür; onlar həm də insanların, xüsusilə uşaqların həmin mühitdə özlərini necə hiss etdikləri ilə qiymətləndirilir."

Daha sonra söz Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Sevinc Fədaiyə verilib. O qeyd edib ki, WUF13 uşaqların səsinin daha geniş auditoriyaya çatdırılması üçün mühüm imkan yaradıb:

"Bir şəhəri və ya ölkəni tanımaq üçün onun hündür binalarına deyil, uşaqların gözlərinə baxmaq kifayətdir. Çünki uşaqlar bizə şəhərin nə qədər təhlükəsiz, rahat, mehriban və yaşanıla bilən olduğunu göstərə bilir. Ona görə də bu gün söz uşaqlarındır və onlara burada olduqları üçün minnətdaram".

Panelin əsas fərqləndirici xüsusiyyəti ondan ibarət olub ki, uşaqlar yalnız müzakirə olunan tərəf deyil, eyni zamanda danışan, fikir bildirən və mövqe ortaya qoyan əsas iştirakçılar kimi çıxış ediblər. Onlar şəhərlə bağlı hisslərini, gündəlik qarşılaşdıqları çətinlikləri və gələcəyin şəhəri ilə bağlı arzularını bölüşüblər.

Səhnəyə çıxan fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar – Nuray Əliyeva, Məsumə İsmayılova və Məryəm Nurməmmədova aşağıdakı istiqamətlər üzrə mühüm mesajlar səsləndiriblər:
* uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması;
 • inklüziv şəhər anlayışının əhəmiyyəti;
 • fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların şəhər təcrübələri;
 • ictimai məkanların hər kəs üçün əlçatan olması;
 • şəhər mühitinin uşaqların psixoloji rifahına təsiri.

Panel zamanı səsləndirilən fikirlər iştirakçılarda ciddi fərqindəlik yaradıb. Uşaqların çıxışları göstərib ki, bəziləri üçün şəhərdə sərbəst hərəkət etmək gündəlik və adi görünürsə, digərləri üçün pilləkənlər, səs-küy, uyğunlaşdırılmamış məkanlar və təhlükəsizlik problemləri real maneələrə çevrilir.

Müzakirələr zamanı xüsusi olaraq vurğulanıb ki, şəhərlər yalnız müəyyən qruplar üçün deyil, hər kəs üçün rahat və əlçatan şəkildə qurulmalıdır. Şəhər elə bir məkan olmalıdır ki, sağlam uşaqlar, əlilliyi olan uşaqlar, fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar və ümumilikdə bütün insanlar özlərini orada təhlükəsiz, rahat və dəyərli hiss edə bilsinlər.

Panel zamanı təlimçi, xüsusi pedaqoq və metodist Aysel Ərəstunqızı çıxışında qeyd edib ki, inklüziv şəhər anlayışı yalnız fiziki mühitin əlçatanlığı ilə məhdudlaşmır, eyni zamanda hər bir uşağın ehtiyaclarını, hisslərini və iştirak hüququnu nəzərə alan yanaşmanın formalaşdırılmasını tələb edir.

Tədbir çərçivəsində onun şagirdi, autizm spektrli Asperger Əli Rəfizadənin də çıxışı nümayiş etdirilib. O, şəhərlərin fərqlilikləri dəyişdirməyə deyil, fərqliliklərlə yaşayan uşaqları anlamağa və onların özlərini təhlükəsiz, rahat hiss edə biləcəyi mühit yaratmağa xidmət etməli olduğunu diqqətə çatdırıb.

Panel çərçivəsində Zeynəb Nurməmmədova, Əsnad Məmmədova, Sabiha Məsimova və Sofiya Məsimovanın "Uşaq və şəhər” mövzusunda hazırladığı rəsm əsərləri də nümayiş olunub. Uşaqların baxışlarını və daha əlçatan, təhlükəsiz şəhərlə bağlı arzularını əks etdirən yaradıcılıq nümunələri iştirakçıların böyük marağına səbəb olub.

Tədbirin sonunda paneldə fəal iştirak edən uşaqlar göstərdikləri təşəbbüsə, səsləndirdikləri dəyərli fikirlərə və yaratdıqları fərqindəliyə görə Təşəkkürnamələrlə təltif ediliblər.

"Uşaq və şəhər” paneli bir daha mühüm bir həqiqəti ön plana çıxarıb: İnklüziv şəhər seçim deyil, hüquqdur.
WUF13 çərçivəsində keçirilən panel uşaqların səsinin eşidilməsinin və onların baxışlarının şəhər planlaşdırılması prosesində nəzərə alınmasının vacibliyini bir daha nümayiş etdirib. Çünki uşaqlar üçün rahat olan şəhər, əslində hamı üçün rahat şəhərdir.
--> -->