Müğənni Nadir Qafarzadə bəzi həkimlərin sosial şəbəkələrdə davranışını tənqid edib və onları etik hədləri aşmaqda ittiham edib. Sənətçi bildirib ki, bəzi kişi həkimlər sosial şəbəkələrdə daha açıq və sərhədsiz paylaşımlar edirlər:
"Bəzi kişi həkimlərə baxıram, öz peşələrinə arxalanıb hər şeyi açıq-açıq paylaşırlar. Ayıb deyilən bir şey var. Siz kişisiniz, sözünüz var, pasiyenti otağınıza çağırın və lazım olanı orada deyin. Ayıbdır axı. Bəzi azərbaycanlılar üçün sosial şəbəkələrdə "abır" sadəcə söz olaraq qalıb. Halbuki abır insanı gözəlləşdirən xüsusiyyətdir. Bu, müasirlik deyil, hər şeyin həddi olmalıdır".
Məsələ ilə bağlı danışan Qaynarinfo-ya professor Adil Qeybulla bildirib ki, tibbdə "xəstə sirri" anlayışı əsas etik prinsiplərdən biridir:
"Həkim xəstənin sirrini onun razılığı olmadan paylaşa bilməz. Xəstə məlumatlarının icazəsiz ictimailəşdirilməsi yolverilməzdir. Beynəlxalq tibbi protokollar da bunu qəti şəkildə tənzimləyir. Xəstəyə aid məlumatların yayılması həm etik, həm də hüquqi məsuliyyət yaradır".
O əlavə edib ki, bəzi hallarda etik pozuntular müşahidə olunur:
"Əməliyyat görüntülərinin paylaşılması, televiziya və sosial şəbəkələrdə açıq müzakirələr, reklam xarakterli çıxışlar və "yalnız mən müalicə edirəm” kimi yanaşmalar peşə etikasına ziddir. Cəmiyyətdən gələn iradlar ciddi nəzərə alınmalıdır".
Həkim Aydın Əliyev isə məsələyə sistem baxımından yanaşaraq bildirib ki, problem təkcə fərdi davranışlarla bağlı deyil:
"Azərbaycanda sistem elə qurulub ki, həkimlər pasiyent axını üçün sosial şəbəkələrdən istifadə etməyə məcbur qalır. İnkişaf etmiş ölkələrdə həkim sistemdən asılıdır, bizdə isə pasiyentdən asılıdır. Maaş və planlama problemi də bu vəziyyəti dərinləşdirir. Düzgün sistem qurulsa, bu cür hallar da azalacaq”.
Aydın Əliyev qeyd edib ki, Amerikada olan həkim bilir ki, bu gün, yaxud sabah neçə xəstəyə baxacaq, 6 aydan sonra neçə gün məzuniyyətə, 8 aydan sonra hansı ölkəyə konfransa gedəcək və s. İllik planı və gəliri var, xəstədən asılı deyil, dövlət onu təmin edir:
"Bizdə həkimlərin maaşı çox azdır, üstəlik vaxtında verilmir. Ona görə Azərbaycanda belə problemlər yaranır".
Bahar Rüstəmli
Şərhlər