Xəbər lenti

Ekonomiks 13:45 04.10.2025

"Azərbaycanda hamının evi olmayacaq" - İqtisadçı

"Fakt odur ki, bu gün vətəndaşlar artıq ipoteka krediti götürə bilmirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov Azərbaycanda ipoteka kreditlərinə tələbin azalması səbəblərindən danışarkən deyib. 

Ekspert bank faizlərinin get-gedə artıdığını diqqətə çatdırıb:

"Söhbət burada İpoteka və Zəmanət Fondunun xətti ilə verilən güzəştli kreditlərdən getmir. Hansı ki, 8% və yaxud 4%-lə verilir. Burada tələb azalmır. Tələb bankların öz maliyyəsi ilə verilən kreditlərdən gedir. Orada faizlər yüksəkdir və bu, get-gedə artır".
 


Əkrəm Həsənov yeni tikilən binalarda evlərin qiymətində artımın daha da yüksəldiyini qeyd edib:

"Süni artımdır, hamı bunu gözəl başa düşür. Amma bu həqiqətdir ki, yeni tikilən binalarda evlərin qiyməti qalxır. Bu da vətəndaşların kreditə əlçatanlığını uzaqlaşdırır. Birincisi, evin qiyməti yüksəkdir, ikincisi, bankların öz maliyyəsi ilə verilən kreditlərin faizləri də artır. Belə olan halda vətəndaşa heç bir halda sərf etmir".

Əkrəm Həsənov ipoteka kreditlərinə tələbin azalmasının davam edəcəyini vurğulayıb:

"Azərbaycanda hamının evi olmayacaq. Əksinə, bəzi vətəndaşların yüzlərlə evi olacaq. Əksəriyyətinin isə evi olmayacaq. Biz çox sərt, qəddar kapitalizmə qədəm qoymuşuq. Varlılar daha da varlanacaq, kasıblar isə daha da müflüsləşəcək. Biz bunu bu gün görürük".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilən məlumata görə, ipoteka kreditlərinə tələb azalıb. Məlumatda qeyd edilib ki, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarən artım tempində azalma müşahidə olunub. 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->