Kaliforniyanın San-Xoakin vadisində yerləşən Tulare gölü XIX əsrin sonlarında insan fəaliyyəti və kənd təsərrüfatı maraqları səbəbindən yox olmuşdu. Lakin 130 ildən sonra göl yenidən meydana çıxıb və hazırda yenidən quruma təhlükəsi ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, "WioNews”un yazdığına görə, vaxtilə Tulare ABŞ-ın ən böyük şirin su göllərindən biri olub. XIX əsrdə gölün uzunluğu 160 kilometrdən çox, eni isə təxminən 50 kilometr idi.
Həmin dövrdə göl ətrafında yerləşən ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm su mənbəyi rolunu oynayırdı. Ancaq əkin sahələrinin genişləndirilməsi məqsədilə kolonistlər gölün sularını qurutmağa başlayıblar və nəticədə su hövzəsi tamamilə yox olub.
Tulare gölü yerli Taçi Yokut tayfası tərəfindən Paashi adlandırılırdı. Göl əsasən Sierra-Nevada dağlarından gələn ərimiş qar suları ilə qidalanırdı. Onun quruması 1850-ci illərin sonu və 1860-cı illərin əvvəllərində başlayıb. Tədqiqatçılar bildirirlər ki, bu proses Kaliforniya ştatının tarixən yerli xalqlara məxsus torpaqları özəlləşdirmək siyasəti ilə bağlı idi. Həmin dövrdə torpağı qurudan şəxslər ərazi üzərində mülkiyyət hüququ əldə edirdilər.
130 ildən sonra göl yenidən qayıdıb
Tulare gölü 1890-cı ilə qədər tamamilə yox olmuşdu. Lakin 2023-cü ildə gözlənilmədən yenidən formalaşmağa başlayıb. Şimal-şərq Universitetinin nümayəndəsi Vivian Anderhill bildirib ki, buna qışda yağan güclü qar və yaz yağışları səbəb olub. Qarın sürətlə əriməsi nəticəsində su əvvəllər gölün yerləşdiyi hövzəyə dolub.
Gölün yenidən yaranması bölgəyə müxtəlif quş növlərinin – qutanların, şahinlərin və su quşlarının qayıtmasına səbəb olub. Güclü yağışlar və daşqınlar eyni zamanda balıq və suda-quruda yaşayan canlıları da əraziyə gətirib. Taçi Yokut tayfası üçün isə gölün geri dönüşü güclü mənəvi və simvolik hadisə hesab olunur.
Bununla belə, göl hazırda yenidən kiçilməyə başlayıb və sahəsi cəmi 2625 akra qədər azalıb. Ərazinin yenidən qurudulması işləri aparılır və mütəxəssislər gölün yenidən yox olmasının qaçılmaz olduğunu bildirirlər.
Aydın
Şərhlər