Şimali Koreya lideri Kim Çen In ölkə konstitusiyasına dəyişiklik edib. Yeni qaydalara əsasən, diktatorun öldürülməsi və ya ordunu idarə etmək imkanını itirməsi halında ölkənin silahlı qüvvələri avtomatik nüvə cavabı verməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.
Nəşrin yazdığına görə, qərarın qəbuluna səbəb İranın ali dini lideri ayətullah Əli Xameneinin və onun yaxın müşavirlərinin ABŞ və İsrailin Tehrana birgə hücumlarının ilkin mərhələsində öldürülməsi olub.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına əsasən, konstitusiya dəyişikliyi martın 22-də Pxenyanda açılan Ali Xalq Assambleyasının 15-ci çağırışının ilk sessiyasında qəbul edilib.
"Dəyişikliklər Kim öldürülərsə və ya ölkənin silahlı qüvvələrini idarə edə bilməyəcək vəziyyətə düşərsə, nüvə cavabı prosedurlarını rəsmiləşdirir. Şimali Koreyanın nüvə siyasəti haqqında qanunun yenilənmiş 3-cü maddəsinə əsasən, nüvə komanda və idarəetmə sisteminə düşmən hücumu təhlükəsi yaranarsa, cavab nüvə zərbəsi "avtomatik və dərhal" həyata keçiriləcək”, deyə "Daily Mail” yazır.
Analitiklərin fikrincə, bu qərar ABŞ və İsrailin İran rəhbərliyinə qarşı uğurlu əməliyyatlarından sonra Pxenyan rejimində yaranmış ciddi narahatlığı əks etdirir.
Seulun Kukmin Universitetinin Şimali Koreya üzrə eksperti Andrey Lankov bildirib ki, Pxenyan Tehrana edilən hücumları diqqətlə öyrənib və bunu özünə ciddi xəbərdarlıq kimi qəbul edib.
Onun sözlərinə görə, Şimali Koreya rəhbərliyi İranın siyasi və hərbi rəhbərliyinə qarşı zərbələrin sürəti və dəqiqliyindən ciddi şəkildə narahat olub.
Ekspertlər hesab edirlər ki, yeni dəyişikliklərin məqsədi Kim Çen In müharibənin əvvəlində öldürülsə belə, Şimali Koreyanın dağıdıcı nüvə cavabı vermək imkanını qoruyub saxlamaqdır.
"Daily Mail” xatırladır ki, Kim şəxsi təhlükəsizliyinə xüsusi diqqət yetirir və daim mühafizəçilərlə əhatə olunur. O, imkan olduqda hava uçuşlarından qaçır və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş zirehli şəxsi qatarla səyahət edir.
Nəşr qeyd edir ki, Şimali Koreyanın tam qapalı olması səbəbindən Kimə qarşı mümkün sui-qəsd cəhdi İrandakı əməliyyatlardan qat-qat çətin olardı. Xarici diplomatlar, humanitar işçilər və biznes nümayəndələri ölkədə ciddi nəzarət altında saxlanılır.
Analitiklər əlavə edirlər ki, İranda istifadə olunduğu iddia edilən kəşfiyyat metodlarını Şimali Koreyada təkrarlamaq daha çətindir. Buna səbəb ölkədə videomüşahidə şəbəkələrinin məhdudluğu və daxili internet sisteminin sərt nəzarətdə saxlanılmasıdır.
Professor Lankov hesab edir ki, Pxenyan rejimi ölkənin məhv olmaq təhlükəsi ilə üzləşdiyini düşünərsə, nüvə silahına cavabdeh hərbi komandirlər cavab zərbəsi əmrlərini böyük ehtimalla yerinə yetirəcəklər.
Onun fikrincə, belə bir cavab zərbəsi əsasən ABŞ-a qarşı yönələcək, çünki Şimali Koreya Cənubi Koreyanı təkbaşına real hücum təhlükəsi hesab etmir.
Aydın
Şərhlər