ABŞ dövlət katibi Marko Rubio və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff şənbə günü Mayamidə Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tanı ilə görüş keçiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios” nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ və İran müharibənin dayandırılması və daha genişmiqyaslı danışıqlar üçün zəmin yaradacaq memorandum üzərində danışıqlar aparır. Bildirilir ki, münaqişənin əvvəlindən Pakistan ABŞ və İran arasında rəsmi vasitəçi rolunu oynasa da, Qətər də tərəflər arasında əsas vasitəçilərdən biridir. ABŞ rəsmilərinin sözlərinə görə, Ağ Ev Qətərin vasitəçilik fəaliyyətini xüsusilə effektiv hesab edir.
Məlumata əsasən, Əl Tanı görüşdən əvvəl Vaşinqtonda ABŞ vitse-prezidenti Cey Di Venslə də görüşüb. O, dərhal Dohaya qayıtmağı planlaşdırsa da, marşrutunu dəyişərək Mayamiyə yollanıb. Orada olduğu müddətdə isə Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə telefon danışığı apararaq vasitəçilik səylərini müzakirə edib.
Mənbələrin bildirdiyinə görə, görüş əsasən müharibənin dayandırılması ilə bağlı qarşılıqlı anlaşma memorandumuna nail olunması yollarına həsr olunub.
"Vasitəçilər hər iki tərəfi gərginliyi azaltmağa və razılaşmanın əldə olunmasına fokuslanmağa çağırır”, deyə mənbələrdən biri bildirib.
"Axios” qeyd edir ki, şənbə gününün ikinci yarısına olan məlumata görə, ABŞ hələ də İranın memorandumla bağlı cavabını gözləyir.
Aydın
Şərhlər