Yaxın Şərqdəki müharibə fonunda dünya üzrə neft ehtiyatları rekord sürətlə azalır. Bu isə yanacaq qıtlığı və daha sərt qiymət artımları riskini artırır.
Qaynarinfo xəbər verir ki, "Bloomberg”in yazdığına görə, ehtiyatların sürətlə tükənməsi bazarın münaqişə başa çatdıqdan sonra belə gələcək tədarük pozuntularına qarşı həssas qalacağı anlamına gəlir.
"Morgan Stanley”in hesablamalarına əsasən, martın 1-dən aprelin 25-dək dünya neft ehtiyatları gündəlik təxminən 4,8 milyon barel azalıb. Bu azalmanın təxminən 60 faizi xam neftin, qalan hissəsi isə neft məhsullarının payına düşür.
Qlobal görünən neft ehtiyatları artıq 2018-ci ildən bəri ən aşağı həddə yaxınlaşır. Ən ciddi problemlər isə idxaldan asılı olan bəzi Asiya ölkələrində müşahidə olunur. Söhbət xüsusilə İndoneziya, Vyetnam, Pakistan və Filippindən gedir. Treyderlər hesab edir ki, bu ölkələrin ehtiyatları artıq bir ay ərzində kritik səviyyəyə çata bilər.
Avropada da aviasiya yanacağı ehtiyatları sürətlə azalır. Bu proses yay turizm mövsümü ərəfəsində baş verir və bəzi analitiklər ehtiyatların iyun ayında kritik həddə enəcəyini proqnozlaşdırır.
Əgər Hörmüz boğazı vasitəsilə neft tədarükü bərpa olunmasa, sentyabr ayına qədər qlobal neft ehtiyatları boru xətləri, anbarlar və ixrac terminallarının normal fəaliyyəti üçün tələb olunan minimum həddə düşə bilər. Bu səviyyə "operativ minimum” kimi tanınır.
ABŞ-də belə daxili neft və yanacaq ehtiyatları ixracın sürətlə artması səbəbindən tarixi orta göstəricilərdən aşağı düşüb. Ötən həftənin sonunda ABŞ-də distillat ehtiyatları 2005-ci ildən bəri ən aşağı səviyyəyə enib, benzin ehtiyatları isə 2014-cü ildən bəri mövsümi minimum göstəricilərə yaxınlaşıb.
Hətta Hörmüz boğazı yenidən açılsa belə, Fars körfəzində neft hasilatı və daşımalarının yaxın vaxtlarda əvvəlki normal səviyyəyə qayıtması gözlənilmir.
Qlobal neft istehlakı artıq kəskin şəkildə azalıb. Bunun bir hissəsi tədarük problemləri, digər hissəsi isə qiymət artımı ilə bağlıdır. Analitiklərin fikrincə, bazarda balansın qorunması üçün qiymətlər tələbatı ciddi şəkildə məhdudlaşdıracaq səviyyəyə qədər yüksəlməlidir.
"Ehtiyatların və əlavə istehsal güclərinin böyük hissəsi artıq tükənib. İdxaldan asılı bəzi ölkələrin iyun–iyul aylarında ciddi yanacaq çatışmazlığı ilə üzləşdiyini görə bilərik”, deyə "Chevron Corp.” şirkətinin maliyyə direktoru Eymar Bonner mayın əvvəlində bildirib.
Beynəlxalq Enerji Agentliyinin koordinasiyası ilə hökumətlər fövqəladə ehtiyatlardan rekord həcmdə – 400 milyon barel neft ayıracaqlarını vəd ediblər.
Ekspertlər hesab edir ki, gələcəkdə qlobal ehtiyatların kəskin azalması Hörmüz boğazı açıldıqdan sonra da bazara əlavə təzyiq göstərəcək. Çünki hökumətlər və şirkətlər ehtiyatlarını sürətlə bərpa etməyə çalışacaqlar.
Aydın
Şərhlər