Xəbər lenti

BBC: Rusiya və ABŞ ən varlı əyaləti Kanadadan ayırmağa çalışır
Dünya 17:17 10.05.2026

BBC: Rusiya və ABŞ ən varlı əyaləti Kanadadan ayırmağa çalışır

Rusiya və ABŞ Kanadada siyasi sabitliyi zəiflətmək və ölkənin bəzi ərazilərinin ayrılmasını təşviq etmək üçün fəaliyyət göstərir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC müstəqil ekspertlərin analitik hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, son vaxtlar Kanadanın ən zəngin, lakin paytaxt Ottavadan uzaqda yerləşən Alberta əyalətində separatçı əhval-ruhiyyə güclənib. Bölgədə artıq açıq şəkildə müstəqillik referendumu keçirilməsi barədə çağırışlar səslənir.

Bu həftə təşəbbüs qrupu payızda referendumun keçirilməsi üçün kifayət qədər imza topladığını açıqlayıb.

Separatçı hərəkatın əsas arqumenti ondan ibarətdir ki, Alberta neft və qaz ehtiyatları hesabına ölkə iqtisadiyyatına böyük töhfə verir, lakin mərkəzi hökumət əyalətin maraqlarını nəzərə almır.

Hazırda sorğulara əsasən, müstəqillik ideyasını əyalət sakinlərinin təxminən dörddə biri dəstəkləyir. Bununla belə, Demokratik Dayanıqlılıq üzrə Qlobal Mərkəz, Süni İntellekt, Məlumat və Münaqişə Mərkəzi və "DisinfoWatch” təşkilatının birgə hesabatında Rusiya və ABŞ-ın separatçı dəstəyi artırmağa çalışdığı bildirilir.

Hesabat müəlliflərinin sözlərinə görə, Rusiya gizli, sistemli və uzunmüddətli strategiya ilə fəaliyyət göstərir. Rusiyaya bağlı hesablar sosial şəbəkələrdə "mərkəzi hökumətin Alberta əyalətini iqtisadi istismar etməsi” və "yerli əhalinin sıxışdırılması” kimi narrativləri yayır.

Araşdırma müəllifləri bildirirlər ki, həmin hesablar əvvəllər də müxtəlif dezinformasiya kampaniyalarında iştirak edib.

Bundan əlavə, kampaniyada süni intellektlə yaradılmış məzmun, ödənişli "ekspert” çıxışları və "real Kanada siyasi şərhlərini təqlid edən” videolardan istifadə olunduğu qeyd edilir.

Ekspertlər ABŞ-ın da təsir kampaniyası apardığını, lakin bunu daha açıq formada etdiyini bildirirlər. Hesabatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələri Alberta separatçılarının liderləri ilə görüşüb və onların mövqeyini açıq şəkildə dəstəkləyən açıqlamalar veriblər.

Kanada ilə bağlı son narahatlıqlar

Daha əvvəl ABŞ-ın Qrenlandiya ilə bağlı iddiaları və Venesueladakı əməliyyatlarından sonra Kanadada Vaşinqtonun növbəti hədəfinin bu ölkə ola biləcəyi ilə bağlı narahatlıqlar artmışdı.

Hərbi müdaxilə ehtimalı aşağı qiymətləndirilsə də, ekspertlər iqtisadi təzyiq riskinə diqqət çəkirlər. Buraya gömrük rüsumlarının artırılması və ticarət güzəştlərinin məhdudlaşdırılması ehtimalları daxildir.

Analitiklər qeyd edirlər ki, Kanadanın ABŞ bazarından yüksək asılılığı və ordunun məhdud hazırlıq səviyyəsi ölkəni Vaşinqtonun mümkün təzyiqləri qarşısında daha həssas edir.

Aydın
--> -->