Şimali Koreya yeni nəsil "Juche-107” özüyeriyən haubitsalarının istehsalını genişləndirir. Mütəxəssislərin fikrincə, bu sistem ölkənin artilleriya imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Qaynarinfo "Military Watch Magazine” portalına istinadən xəbər verir ki, Koreya Xalq Ordusu uzun illərdir sülh dövründə dünyanın ən böyük artilleriya qüvvələrinə malikdir. Ölkə onilliklər boyu rekord həcmdə sursat istehsal edib və ehtiyat toplayıb.
Nəşr qeyd edir ki, məhz bu sursat ehtiyatları sonradan Rusiyanın Ukrayna ilə müharibədə kritik çatışmazlıq yaşamamasında mühüm rol oynayıb.
Yeni haubitsanın əsas xüsusiyyətlərindən biri NATO standartı sayılan 155 millimetrlik çapdan istifadə etməsidir. Şimali Koreya əvvəllər bu çaplı sistemlərdən istifadə etməyib. "Juche-107” üçün 60 kilometrdən artıq atəş məsafəsi elan olunub.
Sistem ilk dəfə 2018-ci ildə nümayiş etdirilmişdi, lakin son illərdə bir sıra texniki dəyişiklik və təkmilləşdirmələrdən keçib. Şimali Koreya dövlət televiziyasının yayımladığı son kadrlardan məlum olur ki, haubitsa artıq iri seriyalı istehsala buraxılıb.
Analitiklərin sözlərinə görə, 155 millimetrlik çap sovet mənşəli 152 millimetrlik sistemlərlə müqayisədə daha uzaq məsafəyə atəş açmağa və daha güclü barıt yüklərindən istifadə etməyə imkan verir.
Bundan əlavə, bu çap beynəlxalq bazarda daha geniş yayılıb və logistika baxımından daha əlverişli hesab olunur. Həmçinin bu addım Şimali Koreya və Çin artilleriyası arasında operativ uyğunluğu artırır. Çin də son illərdə 155 millimetrlik sistemlərə üstünlük verməyə başlayıb.
Ekspertlər hesab edirlər ki, Pxenyanın yeni sistemə keçidini Rusiya ilə hərbi əməkdaşlıq da sürətləndirib. Çünki sovet tipli 152 millimetrlik çoxlu sursat və silah ehtiyatları Ukrayna cəbhəsinə göndərilib.
Buna baxmayaraq, analitiklər yaxın illərdə 152 millimetrlik artilleriyanın Şimali Koreya arsenalında qalacağını düşünürlər.
Eyni zamanda Pxenyanın Ukrayna müharibəsində effektivliyi ilə diqqət çəkən 170 millimetrlik uzaqmənzilli haubitsalara da uzun müddət etibar etməyə davam edəcəyi bildirilir.
Ekspertlərin fikrincə, Şimali Koreya gələcəkdə yeni haubitsanı daha da təkmilləşdirə bilər və bu prosesdə Rusiya və Çindən texnoloji dəstək ala bilər.
Aydın
Şərhlər