Xəbər lenti

İlk sualtı SES: Sakit okeanda eksperimental stansiya qurulur
Dünya 13:43 10.05.2026

İlk sualtı SES: Sakit okeanda eksperimental stansiya qurulur

Los-Anceles sahilləri yaxınlığında, Sakit okeanın 500 metr dərinliyində kiçik ev ölçüsündə içi boş beton kürə quraşdırılacaq. Bu, yeni tip su elektrik stansiyasıdır. Sistem belə işləyir: enerji şəbəkəsinə elektrik lazım olduqda klapan açılır, su kürənin içinə dolur və turbinləri hərəkətə gətirir. Elektrik enerjisinin artığı yarandıqda isə su yenidən çölə vurulur.

Qaynarinfo xəbər verir ki, "Daily Galaxy” nəşrinin yazdığına görə, "StEnSea” ("Stored Energy in the Sea”) layihəsi Almaniyanın "Fraunhofer” Enerji İqtisadiyyatı və Enerji Sistemləri İnstitutu tərəfindən hazırlanıb. Sınaqların 2026-cı ilin sonunda keçirilməsi planlaşdırılır.

İnstitutun hesablamalarına görə, bu texnologiyanın dünya üzrə uyğun sahil bölgələrində tətbiqi 817 min giqavat-saat həcmində qlobal enerji saxlama potensialı yarada bilər. Müqayisə üçün qeyd olunur ki, Almaniyadakı bütün quru hidroakkumulyasiya stansiyalarının ümumi tutumu 40 giqavat-saatdan azdır.

İnstitut artıq Almaniya–Avstriya–İsveçrə sərhədində yerləşən Boden gölündə üç metrlik kürə ilə eksperimental sınaq keçirib. Kiçikmiqyaslı bu test əsas mexanizmin işlək olduğunu təsdiqləyib. Lakin sistemin açıq dənizdə, böyük dərinlikdə və uzunmüddətli istismar şəraitində necə fəaliyyət göstərəcəyi hələ yoxlanılmayıb.

İş prinsipi

Texnologiyanın əsasında onilliklərdir istifadə olunan hidroakkumulyasiya stansiyalarının prinsipi dayanır. Ənənəvi stansiyalar elektrik ucuz olduqda suyu yuxarı anbara vurur, tələbat artdıqda isə su turbinlərdən keçərək aşağı axıdılır və enerji istehsal olunur. "StEnSea” eyni prinsipi okean dərinliyində tətbiq edir və dağ yüksəkliyini okean təzyiqi ilə əvəz edir.

Dəniz dibindəki boş kürə enerji ilə "doldurulmuş” vəziyyət hesab olunur. Klapan açıldıqda, təxminən 60 atmosfer təzyiq altında su boru vasitəsilə içəri dolur. Bu təzyiq turbin-pompanı hərəkətə gətirir və generator vasitəsilə istehsal olunan enerji kabel vasitəsilə sahildəki şəbəkəyə və ya yaxınlıqdakı dəniz külək platformasına ötürülür. Yenidən "doldurmaq” üçün sistem əks istiqamətdə işləyərək suyu kürədən çıxarır. Bu dövr fasiləsiz davam edə bilər.

Tam doldurma-boşaltma dövrü üzrə faydalı iş əmsalı 75–80 faiz təşkil edir. Bu göstərici ənənəvi hidroakkumulyasiya stansiyalarından bir qədər aşağı olsa da, uzunmüddətli enerji saxlama texnologiyaları üçün normal hesab olunur.

Layihənin baş rəhbərlərindən biri doktor Bernhard Ernst bildirib ki, hidroakkumulyasiya stansiyaları enerjinin bir neçə saat və ya gün ərzində saxlanması üçün xüsusilə uyğundur. Lakin dünyada belə stansiyaların tikintisi üçün uyğun yerlər azdır. Buna görə alimlər sistemi okeanın dibinə köçürməyə çalışırlar. Burada təbii və ekoloji məhdudiyyətlər daha azdır.

Mühəndislər optimal dərinlik kimi 600–800 metri seçiblər. Bu səviyyədə təzyiq enerji saxlama üçün kifayət qədər yüksəkdir. Bundan əlavə, standart sualtı nasoslar belə şəraitdə etibarlı işləyir və kürələrin divarları üçün xüsusi dərinlik betonuna deyil, adi konstruksiya betonuna ehtiyac duyulur.

Coğrafi informasiya sistemləri vasitəsilə aparılan araşdırmalar nəticəsində Norveç, Portuqaliya, Braziliya, Yaponiya və ABŞ-ın hər iki sahili yaxınlığında perspektivli ərazilər müəyyən edilib. Bundan başqa, su altında qalan karxanalar və dərin təbii göllər də bu texnologiyanın tətbiqi üçün uyğun hesab olunur.
 
Aydın
--> -->