2023–2024-cü illər ərzində İranın cənub-şərqində yerləşən Taftan vulkanının zirvəsi 9 santimetr yüksəlib.
Qaynarinfo xəbər verir ki, "Eco News”un yazdığına görə, bu, yeraltında təzyiqin artdığını göstərə bilər və vulkanın diqqətlə izlənilməsi vacib sayılır.
"Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya əsasən, yüksəlmə 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər davam edib. Alimləri xüsusilə təəccübləndirən məqam isə sonradan əks prosesin – yəni enmənin müşahidə olunmaması olub. Bu, artıq səth qalxmağı dayandırsa belə, yeraltında artıq təzyiqin qorunduğunu göstərə bilər.
Taftan vulkanı yerüstü monitorinqin məhdud olduğu bölgədə yerləşdiyindən alimlər Avropa Kosmik Agentliyinin "Sentinel-1” peykləri vasitəsilə interferometrik sintetik aperturalı radar (InSAR) texnologiyasından istifadə ediblər. Bundan əlavə, radar ölçmələrinə mane olan atmosfer təsirlərini aradan qaldırmaq üçün xüsusi "sinfaz filtrasiya” üsulu tətbiq olunub.
Strato vulkanın deformasiyası üzrə aparılan modelləşdirmə göstərib ki, təzyiq mənbəyi yerin səthindən təxminən 460–630 metr dərinlikdə yerləşir. Bu isə klassik hidrotermal sistemin mövcudluğunu təsdiqləmək üçün kifayət etmir. Hidrotermal sistemlər isti su və vulkanik qazların hərəkəti nəticəsində genişlənə bilir.
Alimlərin fikrincə, vulkan zirvəsinin qalxmasını ən yaxşı izah edən səbəb bir neçə kilometr dərinlikdə yerləşən maqma anbarıdır. Tədqiqat müəllifləri hesab edir ki, müşahidə olunan yüksəlmə səthə yeni lava çıxışı ilə deyil, daha dərin maqmanın üzərində yığılan qaz və maye təzyiqi ilə bağlıdır.
Yağıntı və zəlzələ kimi xarici amillərin isə qeydə alınan proseslərlə uyğunluq təşkil etmədiyi vurğulanır.
Təxminən 3 940 metr hündürlüyə malik Taftan vulkanının zirvəsində kükürdlə zəngin buxar və qazların çıxdığı fumarollar yerləşir.
Vulkanın son böyük püskürmə mərhələsinin təxminən 700 min il əvvəl baş verdiyi bildirilir, baxmayaraq ki, geoloji qiymətləndirmələr fərqlənir.
Tədqiqatçılar püskürmənin qaçılmaz olduğunu iddia etmirlər. Lakin onlar başqa bir təhlükəyə – hidrotermal sistemlərdə baş verən freatik partlayışlara diqqət çəkirlər. Bu cür partlayışlar isti mayelərin səthə yaxın hissədə qəfil buxara çevrilməsi nəticəsində yaranır.
"Belə partlayışlar qəfil baş verə bilər və sıx sensor şəbəkəsi olmadan onları proqnozlaşdırmaq çox çətindir. Üstəlik, küləklə yayılan vulkanik qazlar əlavə təhlükə yaradır. Kükürd dioksidinin qısa müddətli inhalyasiyası nəfəs almağı çətinləşdirə bilər, yüksək konsentrasiyada isə bitkilərə zərər vuraraq yarpaqları məhv edir və inkişafını ləngidir”, deyə materialda qeyd olunur.
Alimlər fumarollarda kükürd dioksidi, karbon dioksidi və su buxarı səviyyələrinin davamlı ölçülməsini, həmçinin yeraltı təkanları və relyefdəki yavaş dəyişiklikləri izləmək üçün seysmometr və GPS stansiyalarından ibarət baza şəbəkəsinin yaradılmasını tövsiyə edirlər.
Aydın
Şərhlər