Meksikanın Çihuahua səhrasında yerləşən sirli "Sükut zonası” (La Zona del Silencio) onilliklərdir radio siqnalların zəifləməsi, meteorit düşmələri və UNO müşahidələri ilə bağlı iddialara görə diqqət çəkir. Bu ərazi həm alimlərin, həm də qeyri-adi hadisələrə maraq göstərən səyahətçilərin diqqət mərkəzinə çevrilib.
Qaynarinfo indiandefencereview.com-a istinadən xəbər verir ki, bölgə uzun illərdir müxtəlif anomal hadisələrlə əlaqələndirilir.
Adın yaranması və ilk müşahidələr
Ərazinin "Sükut zonası” adını alması 1966-cı ilə gedib çıxır. O zaman neft şirkətlərindən birinin rəhbəri bölgədə işləyərkən radio siqnallarını qəbul edə bilmədiyini aşkar edib və bu hadisə geniş müzakirələrə səbəb olub.
1970-ci ildə baş verən "Athena” raket hadisəsi
11 iyul 1970-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yeddi tonluq "Athena” raketi Yuta ştatındakı Qrin-River bazasından buraxılıb. Elmi məqsəd daşıyan raket atmosferin yuxarı qatlarını araşdırmaq üçün nəzərdə tutulmuşdu.
Plan üzrə eniş yeri Nyu-Meksikodakı "White Sands" poliqonu idi. Lakin raket trayektoriyasından çıxaraq Meksikanın Çihuahua səhrasına düşüb.
"New York Times” qəzetinin həmin vaxt yaydığı məlumata görə, qəza nəticəsində torpaqda 15 metr uzunluğunda, 5 metr enində və 3 metr dərinliyində xəndək yaranıb. Hadisənin məhz "Sükut zonası” daxilində baş verməsi ərazinin sirrini daha da artırıb.
Sirrin mümkün izahları
Alimlərin bir ehtimalına görə, bölgənin torpağında yüksək miqdarda maqnetit mövcuddur. Bu təbii dəmir minerali güclü maqnit xüsusiyyətlərinə malikdir və müəyyən hallarda radio siqnallarına təsir göstərə bilər.
Fərziyyələrə əsasən, bu mineralın ərazidə meteor zərbələri nəticəsində toplandığı düşünülür. "Atlas Obscura”nın məlumatına görə, bölgə XX əsr ərzində bir neçə meteoritin düşdüyü yer olub və bu da yerin maqnit xüsusiyyətlərinə təsir etmiş ola bilər.
Bununla belə, bəzi ekspertlər hesab edir ki, daha sadə izah mövcuddur: ərazi olduqca ucqar və seyrək məskunlaşmışdır, buna görə də radio rabitəsi təbii olaraq qeyri-sabit ola bilər.
Mif və maraq mərkəzi
Bu gün "Sükut zonası” UNO həvəskarları və qeyri-adi hadisə axtaran turistlər üçün məşhur məkana çevrilib. Yerli sakinlər belə ziyarətçiləri "silencios” və ya "zoneros” adlandırırlar.
Tədqiqatçı Geraldo Rivera bildirir ki, bölgə ilə bağlı çoxsaylı UFO və naməlum hadisə hekayələri dolaşır və bəzi ziyarətçilərin burada "itkin düşməsi” barədə iddialar da mövcuddur.
Qeyd olunur ki, bu cür hadisələr hələ də elmi baxımdan tam izah olunmayıb və "Sükut zonası” sirrini qorumaqda davam edir.
Aydın
Şərhlər