Ukrayna müharibəsinin davam etdiyi, postsovet məkanında isə yeni geosiyasi gərginliklərin formalaşdığı bir vaxtda Rusiya Dövlət Dumasının qəbul etdiyi son qanun ciddi müzakirələrə səbəb olub. Kreml bu sənədi xaricdə yaşayan Rusiya vətəndaşlarının müdafiəsi üçün hüquqi mexanizm kimi təqdim etsə də, bir çox analitiklər hesab edir ki, məsələ təkcə vətəndaş hüquqları ilə məhdudlaşmır.
Ekspertlərin fikrincə, yeni qanun Moskvanın keçmiş SSRİ məkanında hərbi-siyasi təsir imkanlarını genişləndirmək üçün hazırladığı yeni hüquqi doktrinanın tərkib hissəsidir.
Rusiya Dövlət Dumasının qəbul etdiyi yeni qanun ilk baxışda xaricdə yaşayan Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi kimi təqdim olunsa da, əslində sənəd Kremlin postsovet məkanında yeni müdaxilə mexanizmini hüquqi çərçivəyə salmaq cəhdi kimi görünür. Qanun prezidentə "Rusiya vətəndaşlarının müdafiəsi" adı altında Silahlı Qüvvələrdən ölkə xaricində istifadə üçün əlavə səlahiyyət verir və bunun hansı formada həyata keçiriləcəyini "zəruri tədbirlər” kimi geniş və qeyri-müəyyən anlayışla ifadə edir. Məhz bu məqam analitikləri narahat edir.
Siyasi şərhçi Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiya son 30 ildə "rusdilli əhalinin müdafiəsi” konsepsiyasından dəfələrlə geopolitik alət kimi istifadə edib:
”2008-ci ildə Gürcüstanla müharibə zamanı Moskva Cənubi Osetiya və Abxaziyada yaşayan Rusiya vətəndaşlarının təhlükəsizliyini əsas gətirdi. Halbuki həmin dövrdə bölgə əhalisinə kütləvi şəkildə Rusiya pasportlarının paylanması prosesi illərlə davam etmişdi. Daha sonra Krımın ilhaqı zamanı da Kreml yarımadadakı rusdilli əhalinin "təhlükə altında olduğunu” iddia etdi. Donbasda isə eyni ssenari "xalq respublikalarının müdafiəsi” adı altında hərbi müdaxilə modelinə çevrildi”.
Azər Rəşidoğlu vurğulayıb ki, indi qəbul olunan qanun həmin praktikanı institusional səviyyəyə qaldırır:
"Başqa sözlə, əvvəllər siyasi bəyanat və ya hərbi doktrina formasında istifadə olunan yanaşma artıq hüquqi norma statusu qazanır. Bu isə o deməkdir ki, Kreml gələcəkdə istənilən MDB ölkəsində yaşayan Rusiya vətəndaşlarının hüquqlarının pozulduğunu iddia edərək hərbi və ya xüsusi əməliyyat xarakterli müdaxilə üçün daxili hüquqi əsas formalaşdırır".
Siyasi şərhçinin fikrincə, burada diqqət çəkən başqa məqam qanunun beynəlxalq məhkəmə qərarlarına istinadıdır:
"Sənəddə qeyd olunur ki, Rusiya vətəndaşları xarici ölkələrdə həbs edildikdə və ya cinayət təqibinə məruz qaldıqda dövlət orqanları, o cümlədən Silahlı Qüvvələr müdaxilə edə bilər. Bu isə nəzəri baxımdan Rusiyanın öz vətəndaşlarının saxlanılmasını milli təhlükəsizlik məsələsinə çevirməsi deməkdir. Duma komitəsinin rəhbəri Andrey Kartapolovun açıqlamaları da təsadüfi sayıla bilməz. Onun "pis niyyətlilər düşünsün” mesajı diplomatik ritorikadan daha çox siyasi təhdid xarakteri daşıyır. Kreml bununla postsovet ölkələrinə açıq mesaj verir -Rusiyanın maraqlarına toxunan istənilən addım "vətəndaşların müdafiəsi” adı altında cavab ala bilər”.
Azər Rəşidoğlu xatırladıb ki, Moskva qanunu ABŞ-ın 2002-ci ildə qəbul etdiyi "Amerikalı hərbçilərin müdafiəsi haqqında” aktla müqayisə etməyə çalışır:
"Lakin burada fundamental fərq var. ABŞ həmin qanunu əsasən Beynəlxalq Cinayət Məhkəməsinin Amerika hərbçilərinə münasibətdə yurisdiksiyasını məhdudlaşdırmaq üçün qəbul etmişdi. Rusiya isə oxşar hüquqi mexanizmi postsovet coğrafiyasında təsir imkanlarını qorumaq və genişləndirmək üçün istifadə edir. Üstəlik, Kremlin "yaxın xaric” anlayışı hələ də keçmiş SSRİ məkanını xüsusi təsir zonası kimi gördüyünü göstərir”.
Təhlilçi hesab edir ki, bu qanunun MDB ölkələri üçün yaratdığı əsas risk məhz budur:
"Çünki Baltikyanı ölkələrdən Mərkəzi Asiyaya, Moldovadan Qafqaza qədər bir çox ölkədə ya rusdilli əhali yaşayır, ya da minlərlə Rusiya vətəndaşı mövcuddur. Kreml gələcəkdə istənilən siyasi böhranı və ya daxili qarşıdurmanı həmin vətəndaşların "təhlükəsizliyi” prizmasından təqdim edə bilər. Azərbaycan üçün də məsələ diqqətlə izlənilməlidir. Çünki regionda dəyişən təhlükəsizlik balansı, Ukrayna müharibəsinin yaratdığı yeni reallıq və Rusiyanın getdikcə daha sərt geopolitik kursa keçməsi postsovet məkanında hüquqi mexanizmlərin hərbi-siyasi təzyiq alətinə çevrilməsi ehtimalını artırır”.
Azər Rəşidoğlu vurğulayıb ki, yeni qanun əslində bir nəsnənin göstəricisidir:
"Kreml artıq yalnız diplomatik və iqtisadi təsir vasitələri ilə kifayətlənmir. Moskva indi "vətəndaşların müdafiəsi” formulunu gələcək regional müdaxilələrin hüquqi örtüyünə çevirməyə çalışır”.
Qeyd edək ki, Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda Rusiya Silahlı Qüvvələrinin ölkə hüdudlarından kənarda rusiyalıların müdafiəsi məqsədilə ekstraterritorial istifadəsini nəzərdə tutan qanunu qəbul edib. RTVI-nin müxbirinin məlumatına görə, qanunu 381 deputat yekdilliklə dəstəkləyib.
Qanun layihəsi prezidentin qərarının icrası məqsədilə hazırlanıb və Rusiya vətəndaşlarının xarici dövlətlərin ərazisində cinayət və digər təqiblərdən hüquqi müdafiəsinin təmin olunmasına yönəlib. Bunu birinci oxunuş zamanı müdafiə nazirinin müavini Anna Tsivilyova bildirib.
Qanun prezidentin Silahlı Qüvvələrdən ölkə xaricində istifadə səlahiyyətlərini genişləndirir. Sənədə əsasən, dövlət hakimiyyəti orqanları, o cümlədən Rusiya Silahlı Qüvvələri xarici dövlətlərin və beynəlxalq məhkəmə orqanlarının qərarlarına uyğun olaraq həbs edilən, saxlanılan və ya cinayət təqibinə məruz qalan Rusiya vətəndaşlarının müdafiəsi üçün zəruri tədbirlər görə biləcək.
RTVI-yə açıqlamasında Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, xaricdəki Rusiya vətəndaşlarının müdafiəsi "ali baş komandanın qərarı ilə bu vəzifənin yerinə yetirilməsi üçün zəruri hesab edilən formada” həyata keçiriləcək.
"Deməli, hələ də başlarında hansısa pis niyyətlər gəzdirən cənablar bunu düşünüb-daşınsınlar - əgər hələ buna qadirdirlərsə”, deyə o əlavə edib.
Dövlət Dumasındakı müzakirələr zamanı Kartapolov diqqətə çatdırıb ki, oxşar qanun 2002-ci ildə ABŞ-da prezident Corc Buşun dövründə, "Səhrada tufan” əməliyyatından sonra qəbul edilmişdi və "Amerikalı hərbçilərin və ABŞ vəzifəli şəxslərinin müdafiəsi haqqında” adlanırdı.
Siyasət şöbəsi
Şərhlər