Əsrlərdir formalaşmış Qərb maliyyə modeli ilə yanaşı, artıq mərhələli şəkildə İslam maliyyə prinsiplərinə əsaslanan alternativ ekosistemin təməli qoyulur. Azərbaycan Mərkəzi Bankı da yaxın gələcəkdə "İslam pəncərələri" modelinin istifadəyə verilməsini nəzərdə tutur, müstəqil İslam banklarının fəaliyyətə başlaması isə sonrakı mərhələlərdə dəyərləndiriləcək.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin açıqlamasına görə, 2026-cı ilin birinci yarısında iki bank Mərkəzi Bankın tənzimləyici "sandbox" rejimi daxilində İslam maliyyə məhsullarını təqdim etməyə başlayıb. Sınaq prosesi 2027-ci ilədək davam etdiriləcək. Agentlikdən vurğulanıb ki, Mərkəzi Asiya regionunda İslam maliyyələşdirilməsinin potensialı həyata keçirilən islahatlar və Fars körfəzi dövlətləri tərəfindən artan maraqla gücləndirilir.
Qaynarinfo islam bankçılığının mahiyyətini, şərtlərini, işləmə mexanizmini bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovla müzakirə edib:
- İsmayıl bəy, ilk olaraq ondan başlayaq ki, İslam bankçılığı ilə klassik bank sistemi arasında əsas fərq nədir?
- Klassik bankçılıq "pulun vaxt dəyəri” (faiz) anlayışı üzərində qurulub. İslam bankçılığında isə pul təkbaşına gəlir gətirən aktiv deyil; gəlir yalnız real iqtisadi fəaliyyət, mal ticarəti, xidmət və riskin bölüşdürülməsi hesabına yarana bilər. Məsələn, adi bankdan 10.000 manat kredit alarkən deyirlər ki, 1 ilə 11.000 manat qaytar. Əlavə 1000 manat faizdir ("riba" deyirlər). Yəni, bu sistemdə bank pulu satır, sən də faizini ödəyirsən. İslam bankçılığında isə bank sənə pulu nağd vermir. Bunun əvəzində belə edir: tutaq ki, sənə 10.000 manatlıq bir avtomobil və ya dəzgah lazımdır. Bank gedir həmin avtomobili özü alır, sonra sənə satır 12.000 manata, sən isə hissə-hissə ödəyirsən.
- Bu faiz hesab olunur?
- Yox, bu ticarət qazancıdır. Bank müştəriyə deyir ki, "mən sənə pul borc vermədim, mən sənə mal satdım". Elə bu da ən böyük fərqdir
- Azərbaycanda İslam bankçılığının yaranması ilə konkret olaraq nələr dəyişəcək? Hansı yeni bank məhsulları gəlir?
- Hələlik sınaq rejimi gedir. İndi iki bank bu işi başlayıb: Rabitəbank və Azərbaycan Beynəlxalq Bankı (ABB).
- Bəs hansı məhsullar təklif olunur?
- Birinci təklif olunan məhsul "Mudaraba”dır (yəni "qoy pul, biz işlədək, qazancı bölək”). Müştəri banka 500 manatdan 500.000 manatadək pul qoyur. Bank bu pulla halal işlər görür, qazanc əldə edir. Həmin qazancın 80 faizi müştəriyə, 20 faizi isə banka gedir. Əgər bank zərər edərsə, zərəri bank özü çəkir, müştərinin pulu toxunulmaz qalır. İkinci təklif olunan məhsul "Murabaha”dır. (yəni "al, üstünə qoy, sat”) Müştəri deyir ki, mənə 30 minlik avadanlıq lazımdır. Bank həmin avadanlığı alır, üstünə qazanc qoyur, hissə-hissə satır. Bank nağd pul vermir, ancaq mal verir.
Burda isə müddət 12 aya qədər, məbləğ isə 30 mindən 500 min manatadək olur.
- İsmayıl bəy, bu sistem kreditləri ucuzlaşdıra bilər?
- Məsələ burasındadır ki, İslam bankçılığı "ucuz” deyil, "halal” olur. Yəni əgər sənə faiz haramdırsa, bunu seçə bilərsən. Amma pul məsələsinə gəldikdə adi bank krediti ilə İslam bankı məhsulunun aylıq ödənişi çox vaxt eyni olur, hətta bəzən İslam bankı baha da ola bilər.
- Niyə belə olur?
- Çünki bank da qazanc əldə etməlidir. Onlar faiz demirlər, amma "ticarət marjası” deyirlər, yəni malı baha satırlar. Amma bunun yaxşı cəhəti də var. Ödənişi gecikdirsən, bank cərimə götürür, amma o cərimə banka getmir, xeyriyyəyə gedir. Yəni bank müştərinin gecikməsindən qazanc gözləmir.
- Banklar bu sistemdən pul qazanacaq?
- Əlbəttə, qazanacaq. Bu bankçılığın iki böyük xeyri var: Birincisi - indiyədək banka getməyən insanları özünə çəkir. Təxminən 10 milyon əhalinin çoxu müsəlmandır. Onlardan bir qismi inancına görə faizli kredit götürmür. Amma bu "faizsiz” məhsulları eşidəndə maraqlanır. Mərkəzi Bankın araşdırmasına görə, yalnız bu kəsimdə 300 milyon manatlıq tələbat var.
İkincisi isə xarici ölkələrdən ucuz pul gətirə bilirlər. İslam ölkələrində çox böyük pullar var. Onlar adi banka faizlə pul qoymurlar. Amma İslam bankına "Mudaraba” hesabı ilə qoya bilərlər.
Qlobal İslam maliyyə bazarının həcmi 4 trilyon dollar qədərdir. Azərbaycan da burdan pay ala bilər, Məhz buna görə "Fitch Ratings" və "Moody's" kimi beynəlxalq qurumlar bunu müsbət qarşılayır. Bu sistem faizli krediti haram bilənlər, yaxud İslam maliyyəsinə güvənənlər üçündür. Müştərilər üçün sadəcə bir seçim yaranır.
Günay İlqarqızı
Şərhlər