28 May - Müstəqillik Günü ilə bağlı Əfv sərəncamının verilməsi ehtimalı yüksək deyil.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, əfv hüququ Prezidentin müstəsna konstitusion səlahiyyətidir və istənilən vaxt sərəncam imzalana bilər:
"İstənilən vaxt Prezident qərar qəbul edib Əfv sərəncamı verə bilər. Çünki bu, konstitusion müstəsna hüquqdur. Lakin hazırda Əfv Komissiyasının iclasları keçirilmir və ölkədə böyük dövlət tədbirləri davam edir. Bütün aidiyyəti qurumlar bu proseslərə cəlb olunub. Bu baxımdan qısa müddətdə iclasların keçirilməsi və rəylərin hazırlanması fiziki baxımdan çətin görünür".
Əliməmməd Nuriyev həmçinin qeyd edib ki, Milli Məclisin son amnistiya qərarının icrası artıq başa çatıb:
"Qısa zaman kəsiyində yeni Əfv sərəncamının verilməsi ehtimalını yüksək qiymətləndirmirəm. Amma bu məsələ yenə də Prezidentin müstəsna səlahiyyətindədir".
Bahar Rüstəmli
Şərhlər