Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisəslərinin Müdiriyyəti "Pro Construction Company" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin cari təmir işləri ilə bağlı keçirilən tenderin qalibi seçilib. Təmir işlərinə görə "Pro Construction Company" MMC-yə 1 255 811,61 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Pro Construction Company" MMC 15 dekabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 45, mənzil 75-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur.
"Pro Constructioon Company” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə də internet səhifəsinə rast gəlinir. MMC-nin qanuni təmsilçisi Elnur Məhərrəmov barəsində də bilgi yoxdur.
Mediada gedən məlumatlarda isə iddia edilir ki, "Pro Construction Company” MMC Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisəslərinin Müdiriyyətinin direktoru Elşad Hacıyevə məxsusdur. Bu iddia ilə bağlı Səhiyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımı araşdırmada aydın olur ki, "Pro Construction Company” MMC əsasən Səhiyyə Nazirliyi və ona tabeli qurumların keçirdiyi tenderlərdə qalib seçilir.
Şirkət təkcə ötən il ərzində Səhiyyə Nazirliyi və ona tabeli qurumlardan təxminən 12 milyon manat dəyərində sifariş alıb. Bu baxımdan, "Pro Construction Company” MMC ilə Səhiyyə Nazirliyinə bağlılına dair iddiaların əsassız olmadığına şübhələri artırır.
Seyid
Şərhlər