Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti "Rada Construction" MMC satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət Bakı, Sumqayıt şəhərlərində, Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işlərinin satına alınması ilə bağlı sözügedən qurumun keçirdiyi tenderin qalibi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 899 791,55 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Rada Constrcution” MMC 16 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Tiflis prospekti, ev 181, mənzil 113-də yerləşir. MMC-nin qanuni təmsilçisi Dadaşzadə Rauf Qərib oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Dövlət satınalmalarının internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Rada Construction” MMC yalnız Qaçqınlar və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.
Şirkət 2023-cü ildə Komitənin 260 334,24 manatlıq, onun tabeliyində fəaliyyət göstərən Mənzil İstismar Departamentinin 288 655,6 manatlıq, 2022-ci ildə sözügedən departamentin 188 758,23 manatlıq tenderinin qalibi olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, 2018-ci ildən bu vəzifədədir.
"Rada Construction” MMC ilə Rövşən Rzayev arasında hansısa əlaqələrin olub-olmadığına dair bilgi yoxdur. Lakin adətən bir qurumun tenderləri birqayda olaraq eyni şirkətə verməsi tərəflər arasındakı şübhəli işbirliyinin təzahürü kimi ortaya çıxır.
Seyid
Şərhlər