Xəbər lenti

Dünya 10:16 13.04.2025

"Vanguard-1": Kosmosun ən qədim qonağı Yerə qayıtmağa hazırlaşır

Aşağı orbitə yerləşdirilmiş ilk peyklərdən biri olan "Vanguard-1" kosmosun sərt şəraitində keçirdiyi onilliklərdən sonra keçmişin texnoloji irsini bu günə daşımaq üçün Yerə geri qayıtmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, 1958-ci ilin mart ayında kosmosa göndərilən, təxminən bir qreyfurt böyüklüyündə olan bu kürə formalı peyk kosmik dövrün ilk günlərində ABŞ-ın buraxılış imkanlarını sınaqdan keçirdiyi ilkin texnologiyalardan biridior. Həmin dövrdə buraxılmış digər peyklər Yer atmosferinə düşərək sıradan çıxsa da, "Vanguard-1" hələ də səssiz şəkildə orbitində fırlanmağa davam edir. Bu xüsusiyyət onu orbitdə olan işlək vəziyyətdəki ən qədim peykə çevirir.

Hazırda bir qrup tədqiqatçı və mühəndis bu tarixi peyki Yerə geri gətirmək və onun keçmişinə daha yaxından nəzər salmaq üçün yol axtarır.

Kosmik dövrün ilk günlərindən qalan irs

"Vanguard-1" ABŞ tərəfindən kosmosa göndərilmiş ikinci peykdir. 1955-ci ildə Donanma Tədqiqat Laboratoriyası tərəfindən hazırlanmış bu peyk, üçmərhələli buraxılış raketlərinin qabiliyyətini yoxlamaq və sərt kosmik şəraitin peykə təsirini anlamaq məqsədilə inkişaf etdirilmişdi. Günümüzdə isə bu peyk, Yer orbitində fırlanan ən qədim süni obyekt kimi mövcudluğunu qoruyur.

Space.com xəbər portalına əsasən, Virciniyada yerləşən "Booz Allen Hamilton" adlı məsləhət şirkətindən bir komanda "Vanguard-1"in Yerə qaytarılması və uzun illər ərzində məruz qaldığı təsirlərin öyrənilməsi ilə bağlı təklif hazırlayıb. Bu təşəbbüs, Aeronavtika Tədqiqat Mərkəzi tərəfindən yayımlanan ətraflı hesabatda təqdim olunub.

1964-cü ildən etibarən tamamilə passiv cismə çevrilmiş "Vanguard-1" mövqeyini və orbitini qorumaqda davam edir. Sovetlərin "Sputnik" peykləri və ABŞ-ın "Explorer-1" peyki atmosfer sürtünməsi səbəbindən Yerə qayıtmışkən, "Vanguard-1"in yüksək elliptik orbitə sahib olması onun hələ də mövcud olmasına imkan verib. Əgər uğurla Yerə qaytarılarsa, bu peyk kosmosdan qayıdan ən qədim peyk olaraq tarixə düşəcək.

"Vanguard-1"in geri qaytarılma prosesi

NASA keçmişdə astronavtlarını İnsanlı Manevr Qurğusu (jetpack) ilə peyk ələ keçirmək üçün istifadə etmişdi. Məsələn, "Westar 6" və "Palapa B2" adlı rabitə peykləri düzgün orbitə çıxmadığı üçün astronavtların müdaxiləsi ilə "Space Shuttle" vasitəsilə Yerə gətirilmişdi.

"Vanguard-1" üçün də oxşar bir xilasetmə üsulu təklif olunur. Lakin bu tarixi peykin yaşına görə xüsusi diqqət və ehtiyatlılıq tələb olunur. Tədqiqatçılar xilasetmə əməliyyatı öncəsi peykin durumunu ətraflı şəkildə araşdırmaq üçün bir kosmik aparatdan istifadə edərək "Vanguard-1"lə qarşılaşmanı planlaşdırır. Komanda həmçinin "SpaceX" ilə əməkdaşlıq və ya fərdi maliyyə dəstəyi kimi alternativ imkanları da nəzərdən keçirir.

Əgər "Vanguard"1 Yerə qaytarılarsa, mütəxəssislər onun texniki və fiziki vəziyyətini detallı şəkildə təhlil edəcək. Onun orbitdə keçirdiyi müddət ərzində kosmik tullantılarla toqquşub-toqquşmadığı, strukturunun qorunub-qorunmadığı və kosmosun sərt şəraitinin bu tarixi peykə necə təsir etdiyi araşdırılacaq.

Komanda daha sonra bu peyki Smithsonian İnstitutunda sərgiləmək və onu bir növ "zaman kapsulu" olaraq kosmik tədqiqatların simvolik bir nümunəsinə çevirməyi planlaşdırır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->