"Sumqayıt" Mənzil-Tikinti Kooperativi (MTK) Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yaşıllıq ərazisini məhv edir.
Bu barədə Qaynarinfo-ya həmin məhəllədə, ev 1A/3B ünvanında yaşayan sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, "Sumqayıt” MTK bu ərazidə çoxmərtəbəli bina tikmək istəyir. Bu məqsədlə ərazidə əkilmiş ağaclar məhv edilir. "2014-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən MTK-ya həmin ərazidə bina tikintisinə icazə verilsə də, sakinlərin ciddi etirazı nəticəsində tikinti dayandırılıb. Biz bu yaşıllığı qorumağa müvəffəq olduq və əraziyə yeni ağaclar əkdik. Hətta Ulu Öndər Heydər Əliyevin adına ağaclar da əkilmişdi. Düşünürdük ki, bu addım şirkətin tikinti planlarını dayandırar, lakin yanılmışıq. Son zamanlar ərazidə yenidən işlərə başlanılıb, sahə hasarlanıb və ağaclar çıxarılıb”, deyə sakinlər bildiriblər.
Qeyd edək ki, 2014-cü ildə Sumqayıt şəhərinin icra başçısı hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eldar Əzizov olub. O, 2015-ci ildə vəzifəsini Zakir Fərəcova təhvil verib.
Zakir Fərəcov vəzifəyə gəldikdən sonra "Sumqayıt” MTK-nın ərazidə tikinti planları yenidən gündəmə gəlib. 2017-ci ildə Zakir Fərəcov Eldar Əzizovun sərəncamına dəyişiklik edərək, MTK-ya abadlıq işləri aparmaq öhdəliyi qoyub.
Sakinlər bildirirlər ki, ərazidə hər hansı abadlıqdan söhbət gedə bilməz: "Yaşıllığın məhv edilməsi abadlıq deyil".
Onların sözlərinə görə, məsələ ilə bağlı şəhər rəhbərliyinə müraciət olunub, lakin "Sumqayıt” MTK-nın sahibi Aslan Manafov heç bir tərəfin mövqeyini nəzərə almır.
Sakinlər, eyni zamanda, ölkə rəhbərliyinə də müraciət ünvanlayıblar. Həmin müraciəti təqdim edirik:
"Cənab Prezident! Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə 14-cü məhəllədə yaşayan sakinlər "95 ağac” aksiyası keçirərək ərazidə yaşıllıq salmışıq. Ağaclar (xan çinarı, qovaq, şam, söyüd, müxtəlif dekorativ bitkilər və qızılgül kolları) sakinlərin şəxsi vəsaiti hesabına alınıb, əkilib və qulluq edilib. Nəticədə ərazi abadlaşdırılaraq yaşıllığa çevrilib.
Lakin görünür ki, bu təşəbbüs "Sumqayıt” MTK-nın rəhbəri Aslan Manafovu qıcıqlandırır. O, ağacların dibinə müxtəlif maddələr tökdürür, sakinləri hədələyir və yaşıllığın məhv edilməsi üçün müxtəlif üsullara əl atır.
Cənab Prezident, biz bu yaşıllıq zonasında Dövlət Bayrağımızı asmışıq və Sizin portretinizi yerləşdirmişik ki, daim dövlətimizin yanında olduğumuzu göstərək və bu ənənəni gələcək nəsillərə ötürək. Lakin Aslan Manafov ərazini yenidən hasarlatdırıb, ağacları texnika vasitəsilə qəsdən məhv etdirib, su təminatını kəsdirib və əraziyə girişə qadağa qoyub.
Biz bu məsələ ilə bağlı dəfələrlə Aslan Manafova müraciət etmişik, lakin heç bir nəticə əldə edilməyib. O, bu məsələni artıq prinsipə çevirdiyini bildirir. Sizdən xahiş edirik ki, bu məsələni nəzarətə götürəsiniz və yaşıllığın qorunması üçün bizə dəstək göstərəsiniz".
Seyid
Şərhlər