"Trampın Ukraynaya gəlməsi siyasi qərar və psixoloji baxımdan heç nəyi dəyişməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampı Rusiyanın bu ölkəyə hücumlarının nəticələrini əyani görməsi üçün Kiyevə dəvət etməsini şərh edərkən deyib.
Natiq Miri bildirib ki burada söhbət həqiqətdən getmir. Onun fikrincə, Zelenski hələ də anlamır ki, nə Ukrayna, nə burada həlak olan 100 minlərlə insan, öldürülən uşaqlar, ölkəni tərk etmiş milyonlarla sakin Donald Trampın vecinə belə deyil:
"Trampın Sumı bombardımanına, tələf olan uşaqlara reaksiyası bütün bu suallara cavabdır. Ona görə də Trampın Ukraynaya gəlməsi siyasi qərar və psixoloji cəhətdən heç nəyi dəyişməyəcək. Trampın bir qayəsi var, bu da ABŞ-ın ərazisini genişləndirmək, Atlantikadan Sakit okeanına qədər bütün coğrafiyaları Amerikanın ərazisi və iqtisadi qüdrətini bərpa etməkdir. Belədə bütün dünyanı ABŞ-ın iradəsinə tabe etdirməyə çalışır".
Həmsöhbətimizə görə, Zelenski isə hələlik bu gerçəyi anlamaq istəmir:
"Rusiyanın törətdiyi vəhşilikləri görmək üçün Ukraynaya gəlməyə ehtiyac yoxdur. Ümumiyyətlə, digər dövlətlərin siyasi rəhbərləri üçün Ukraynaya gəlmək bir bəhanədir. Onlar zatən olanların fərqindədirlər".
Qeyd edək ki, Ukrayna prezideti Volodimir Zelenski "CBS News"a açıqlamasında Rusiya hücumlarının nəticələrini əyani görmək üçün ABŞ prezidenti Donald Trampın ölkəsinə səfər etməsindən məmnun olacağını deyib:
"Biz sizin mövqeyinizə hörmət edirik. Lakin zəhmət olmasa, danışıqlarla bağlı qərar qəbul etməmişdən öncə, gəlin və dağıdılmış, məhv edilmiş mülki insanlar, hərbçilər, xəstəxanalar, kilsələr, uşaqlara baxın".
O həmçinin qeyd edib ki, ABŞ bu müharibədə neytral qalmamalıdır.
Xatırladaq ki, ötən istirahət günü Rusiyanın Ukraynanın Sumı şəhərinə atdığı raketlər nəticəsində içərisində xeyli uşağın da olduğu 30-dan çox mülki insan həlak olub, 100-lə insan isə xəsarət alıb.
Rüfət Sultan
Şərhlər