Rusiya Federasiyasının Kursk vilayətində yerləşən bələdiyyələrdən birinin rəhbəri Kreml rəhbəri Vladimir Putinə Ukraynanın Sumı şəhərini ələ keçirməyi təklif edib. Bu şəhər Rusiyanın gündəlik artilleriya zərbələrinə məruz qalır.
Qaynarinfo xəbər verir ki, məlumatı "Раньше всех” adlı "Telegram" kanalı yayıb.
Bildirilib ki, bu "təklif” Rusiya prezidenti Vladimir Putinin Kursk vilayətinin yerli rəhbərləri ilə görüşü zamanı səsləndirilib. Qluşkov rayonunun rəhbəri Pavel Zolotaryov Putinə müraciətində Ukrayna ordusunu sərhəddən neçə kilometr geri çəkmək lazım olduğunu deyərək bildirib:
"Sumı bizim olmalıdır. Biz yarımadada (Krımı nəzərdə tutur-red.) olduğu kimi yaşaya bilmərik. Sayımız daha çox olmalıdır. Heç olmasa Sumı. Məncə, belə olmalıdır. Bir ali baş komandan olaraq da sizinlə qalib gələcəyik”, deyə Zolotaryov söyləyib.
Mənbənin məlumatına görə, bu sözlərə cavab olaraq Vladimir Putin zarafatla cavab verib və müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru təyin edilən Aleksandr Xinşteynin adını çəkib:
"Bax bu səbəbdən də Aleksandr Yevseyeviçi seçdik, o da hər şeyin daha çox olmasını istəyir”, deyə Putin bildirib.
Xatırladaq ki, Sumı vilayəti və onun mərkəzi olan Sumı şəhəri Rusiya tərəfindən müntəzəm olaraq raket və artilleriya atəşinə tutulur. Yaxın günlərdə işğalçılar Belopolye yaxınlığında sərnişin avtobusuna hücum ediblər. Hadisə nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb, onlardan 3-ü ağır vəziyyətdədir. Qeyd olunub ki, rus hərbçilər heç bir təhlükə yaratmayan mülki nəqliyyat vasitəsini bilərəkdən hədəfə alıblar.
Bundan əlavə, Rusiya ordusu Sumı şəhəri ətrafını ballistik raketlə vurub. Nəticədə təxminən 10 nəfər yaralanıb, onların arasında 6 uşaq var, 1 uşaq ağır vəziyyətdədir. 20 yaşlı bir qız hadisə yerində, bir kişi və bir oğlan uşağı isə xəstəxanada həyatını itirib.
Alpər
Şərhlər