Avropa İttifaqı dəyəri 150 avrodan aşağı olan mallar üçün mövcud olan gömrük azadlığını mərhələli şəkildə ləğv etməyi planlaşdırır.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Aİ elektron ticarət çərçivəsində daxil olan aşağı dəyərli bağlamaların emalı üçün 2 avro məbləğində rüsum tətbiq etməyi nəzərdən keçirir. Blok, marketpleyslərdə satılan milyardlarla ucuz məhsulla mübarizə aparmaq məcburiyyətində qalır.
Məlumata görə, 2024-cü ildə Aİ-nin gömrük orqanları internet üzərindən alınmış təxminən 4,6 milyard aşağı dəyərli bağlamanı emal edəcək. Bu bağlamaların 91 faizi Çindən gəlir və bu göstərici 2023-cü illə müqayisədə iki dəfə artıb.
Avropa Komissiyası fevral ayında bəyan etmişdi ki, 150 avrodan aşağı olan yüklər üçün gömrük azadlığı 2028-ci ildən tez olmayaraq ləğv ediləcək. Komissiya eyni zamanda elektron ticarət məhsullarının emalı üçün rüsum tətbiqini də araşdıracaq.
Aİ-nin icraedici orqanı bildirib ki, bu rüsum Avropa İttifaqı qaydalarına – məsələn, oyuncaqların təhlükəsizliyi ilə bağlı tələblərə – uyğunluğun təmin edilməsi üçün görülən işləri maliyyələşdirəcək və bu ödəniş birbaşa alıcılardan deyil, internet mağazalarından alınacaq.
"4,6 milyard bağlama üzərində lazımi nəzarətin təmin edilməsi qeyri-mümkündür və bu nəzarətin təşkil edilməsi böyük maliyyə tələb edir. Bu səbəbdən 'Alibaba', 'Temu' və ya 'Shein'dən öz paylarına düşən xərcləri qarşılamaq tələb olunması ədalətlidir", deyə Avropa Parlamentinin ticarət komitəsinin rəhbəri Bernd Lanqe bildirib.
Çinin Xarici İşlər Nazirliyi isə Aİ-nin açıq siyasət yürüdəcəyinə və Çin şirkətləri üçün "ədalətli, şəffaf və ayrı-seçkilikdən uzaq biznes mühiti" yaradacağına ümid etdiyini bildirib.
Komissiya birbaşa müştəriyə çatdırılan bağlamalar üçün 2 avro, Aİ ərazisindəki anbarlarda emal olunanlar üçün isə 50 sent məbləğində daha aşağı rüsum tətbiqini təklif edib.
Avropalı pərakəndə satıcılar isə bildirirlər ki, mövcud gömrük azadlığı siyasəti "Temu" və "Shein"ə üstünlük verir.
Aydın
Şərhlər