"Trampla Netanyahu arasında münasibətlərdəki soyuma ikincinin hakimiyyətdən getməsinə yol açacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampla İsrail baş naziri Benyamin Netanyahu arasında münasibətlərdə hiss olunan müəyyən gərginliyi şərh edərkən deyib.
Əlimusa İbrahimov bildirib ki, Trampla Benyamin Netanyahu arasında münasibətlərin pisləşməsinin əlamətləri artıq özünü büruzə verməyə başlayır:
"Həm Tramp administrasiyası, həm də Netanyahu tərəfindən münasibətlərin əvvəlki səviyyədə olmasını iddia etmələrinə baxmayaraq, vəzəiyyətin getdikcə daha gərginləşdiyini göstərən amillər ortaya çıxmaqdadır. Mütəxəssislərin çoxu o fikirdədir ki, Trampın birinci prezidentliyi dövrü ABŞ-İsrail münasibətlərinin "qızıl dövrü" idi və bu dövrün qurulmasının əsas səbəbkarı elə Tramp özü idi. Amma ikinci prezidentlik dövründə yəhudilərin Trampa bəslədikləri ümidlər hələlik özünü doğrultmur".
Həmsöhbətimiz deyir ki, Tramp-Netanyahu münasibətlərinin pisləşməsinin əsasında ilk növbədə baş nazirin 2020-ci il ABŞ seçkilərindən sonra Co Baydeni tələm-tələsik təbrik etməsi dayanır:
"Məhz İsrail baş nazirinin bu addımından sonra müsahibələrinin birində Tramp onu çox ağır bir dillə təhqir edib".
İki müttəfiq arasında münasibətlərin soyumasına səbəb olan digər məsələləri isə, politoloq aşağıdakı kimi qruplaşdırır:
"ABŞ-ın Respublikaçılar Partiyasının İsraillə münasibətdə mövqeyinin dəyişməsi. Respublikaçılar hələ də İsraili geniş şəkildə dəstəkləsələr də, MAGA (Make Amerika Great Aqain) hərəkatındakı bəzi qüvvələr xarici yardımların o, cümlədən İsrailə yardımların davam etməsinin əleyhinə çıxırlar. Tramp vaxtaşırı bu fikri təkrarlayaraq, İsrailin bəzi məsələlərdə "öz haqqını ödəməli” olduğunu bildirir.
İkinci bir tərəfdən İsrail-HƏMAS müharibəsi ilə bağlı Təl-Əvivlə Vaşinqton arasında fərqli baxışlar mövcuddur. Tramp bu yaxınlarda İsrailin Qəzzadakı müharibəni aparmasından məyus olduğunu bildirib, müsahibələrində bunu "fəlakət” adlandırıb".
Politoloq düşünür ki, münasibətlər pisləşərsə, İsrail ABŞ-ın siyasi dəstəyində daha çox qeyri-müəyyənliklə üzləşə bilər:
"Bu isə İsrailin İran, Hizbullah və HƏMAS və husilərə qarşı apardığı əməliyyatlara mənfi təsir göstərə bilər".
Əlimusa İbrahimov həmçinin qeyd edir ki, ABŞ-İsrail münasibətlərinin pisləşməsi Netanyahunun özü üçün ciddi təhlükə yaradacaq:
"Çünki Amerika-İsrail münasibətlərinin pisləşməsi Netanyahunun hakimiyyətdən getməsinə yol açacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrail baş naziri Binyamin Netanyahu ilə münasibətlərdə səbrini itirməyə başlayıb. Belə bir iddia ilə mənbələrə istinadla "The Times” qəzeti çıxış edib.
Nəşrin həmsöhbəti qeyd edib ki, Tramp Netanyahuya qarşı getdikcə daha çox səbirsizlik nümayiş etdirir.
"Axios" portalı mayın 19-da amerikan mənbələrə istinadən bildirmişdi ki, ABŞ vitse-prezidenti Cey Di Vens İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatın miqyasını genişləndirdikdən sonra bu həftə İsrailə planlaşdırılmış səfərini ləğv edib. Portalın məlumatına görə, Vens bu addımı ona görə atıb ki, onun səfəri ABŞ-nin atəşkəs tələb etdiyi bir vaxtda İsrailin anklavdakı hərəkətlərinə dəstək kimi görünə bilərdi.
Rüfət Sultan
Şərhlər