Xəbər lenti

Marsdakı sirli qara cizgilər: Düşündüyümüz kimi deyilmiş
Dünya 23:55 21.05.2025

Marsdakı sirli qara cizgilər: Düşündüyümüz kimi deyilmiş

Mars səthindəki qara yamac cizgiləri uzun müddət duzlu suyun varlığına işarə kimi dəyərləndirilirdi. Lakin son araşdırmalar bu quruluşların əslində külək və toz hərəkətləri nəticəsində yarana biləcəyini ortaya qoyur.

Qaynarinfo xəbər verir ki, 10 il əvvəl Mars səthində, qum təpələrinin yamaclarında qara cizgilər aşkar edilib. Əvvəlcə bu cizgilər Marsda duzlu su axınının mühüm sübutu kimi qiymətləndirildi. Çünki bir planetdə suyun olması həyat ehtimalını birbaşa təsir edir və bu, elmi ictimaiyyətin ən böyük maraq mövzularından birinə çevrilmişdi.

Lakin ötən 10 il ərzində alimlər bu cizgilərin doğrudan da su ilə əlaqəli olub-olmadığını dəfələrlə təhlil edibıər, yeni məlumatlar toplayıblar və fərqli fikirlər irəli sürüblər. Son aparılan genişmiqyaslı araşdırmalar isə cizgilərin suya deyil, başqa təbii amillərə bağlı ola biləcəyini göstərir.

Braun Universiteti və Bern Universitetindən tədqiqatçılar Mars səthindəki bu sirli cizgilərin sirrini açmaq üçün nəhəng məlumat bazası yaradıblar. Yüksək dəqiqlikli 86.000-dən çox peyk görüntüsünü süni intellektlə dəstəklənən maşın öyrənməsi alqoritmləri ilə təhlil edərək Mars yamaclarında 500.000-dən artıq qara cizgi aşkar ediblər.

Araşdırmanın nəticəsinə görə, bu cizgilər "təkrarlanan yamac cizgiləri" (RSL) adlandırılan müvəqqəti quruluşlardır və maye su və ya donmuş maddələrlə əlaqələndirilmir. Yarım milyon cizginin heç birində müəyyən istiqamətlilik, temperatur artımı və ya rütubətlə bağlılıq tapılmayıb.

Marsdakı qara cizgilərin əsl səbəbi: külək və toz...

Alimlərin təhlillərinə əsasən, bu cizgilər əslində Mars atmosferindəki küləyin sürətində artım və səthdə toplanan tozun təsiri ilə meydana gəlir. Yəni Mars səthindəki bu qara izlərin əsas mənbəyi maye su deyil, küləyin daşıdığı tozlar və qum hərəkətləri kimi təbii geoloji proseslərdir.

Bu nəticə Mars səthindəki cizgilərin planetin cəmi kiçik bir hissəsini – təxminən 0,1%-ni əhatə etdiyini göstərir. Lakin buna baxmayaraq, bu cizgilər bir neçə qlobal toz fırtınasına bərabər miqdarda tozu yerini dəyişdirə bilir. Bu hal Mars ekosistemini və geomorfologiyasını anlamaq üçün yeni bir yol açır.

Marsı anlamaqda yeni dövr

Bu araşdırma Marsdakı su izləri ilə bağlı əvvəlki fərziyyələri əhəmiyyətli dərəcədə dəyişir. Su axınına dair şübhələri azaldan tapıntılar Mars səthindəki təbii dinamiklərin daha mürəkkəb olduğunu göstərir. Külək və toz hərəkətlərinin Mars geologiyasında oynadığı rol, planetin bugünkü quruluşunu və atmosfer şəraitini anlamaqda həlledici əhəmiyyət daşıyır.

Elm aləmi bu cür böyük məlumat bazalarına və süni intellektlə dəstəklənən təhlillərə əsaslanaraq Marsın sirrlərini açmağa davam etdiyi bir vaxtda, bəşəriyyətin Qırmızı Planetdə həyat axtarışı da daha real əsaslar üzərində formalaşır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->