"Lavrovun bu səfəri İrəvanla Moskva arasındakı gərginliyi tamamilə aradan qaldırmayacaq. Amma bununla belə, səfər münasibətlərə müəyyən stabillik gətirə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini şərh edərkən deyib.
"Son dövrlər Ermənistanda iki xətt müşahidə olunur. Bir tərəfdə Paşinyan daha yumşaq mesajlar verməyə çalışır. Ancaq Alen Simonyan və zaman-zaman Qriqoryan Rusiya ilə olan kontrollu gərginliyi öz ritorikaları ilə ortaya qoyurlar. Amma Paşinyanın Moskvaya, Lavrovun isə İrəvana səfəri müəyyən dövr üçün gərginlikdə müəyyən yhmşalma yarada bilər", deyə Nazim Cəfərsoy bildirib.
Ekspert qeyd edir ki, bununla belə, seçkilər ərəfəsi Moskva ilə İrəvan arasında münasibətlər gərgin olacaq:
"Ermənistanda qarşıdan seçkilər gəlir. Bu seçkilər çərçivəsində isə zaman-zaman münasibətlərin gərginləşəcəyini düşünürəm".
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistana səfərə gəlib. Hansı ki, artıq xeyli müddətdir, Moskva ilə İrəvan arasında münasibətlər heç də hamar deyil. Paşinyan hökumətinin qərbpərəst siyasəti Moskvanı narahat edir.
Lavrovun səfəri ərəfəsi Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, Moskva səfərin Rusiya və Ermənistan arasında siyasi və idarələrarası dialoqun gücləndirilməsinə töhfə verəcəyi, qarşılıqlı anlaşmanın artması və hər iki tərəfi maraqlandıran məsələlərdə qarşılıqlı məqbul həll yollarının tapılmasına gətirib çıxaracağını gözləyir.
Rüfət Sultan
Şərhlər