Xəbər lenti

Dünya 22:02 21.05.2025

"Bu sənəddə Rusiyanın əvvəlki şərtlərindən fərqli nəsə olacağına inanmıram" - Ekspert

"Rusiyanın əsas şərti işğal etdiyi əraziləri öz nəzarəti altında saxlamaqdır. Bundan başqa, işğal etdiyi ərazilərə bitişik bir sıra ərazilərdən Ukrayna qoşunlarının geri çəkilməsini də tələb edə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyaasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-ın gözlədiyi kimi Rusiyanın Ukraynada atəşkəs üçün şərtlərin geniş siyahısını təqdim edəcəyi təqdirdə, burada indiyə qədər irəli sürülən şərtlərdən fərqli məqamların olub-olmayacağını şərh edərkən deyib.

"Habelə, Ukraynanın NATO-ya, Avropa İttifaqına daxil olmaması kimi mənasız şərtlər ola bilər. Yəni Rusiya indilikdə atəşkəs istəmir. Sadəcə olaraq, vaxt udur və özünü elə göstərir ki, guya doğrudan da sülh istəyir", deyə şərhçi bildirib. 
 


Ekspert qeyd edir ki, əslində, mahiyyət etibarı ilə burada məsələ Amerika ilə Rusiya arasında dünyanın yenidən bölüşdürülməsindən gedir:

"Trampın Putinə zəngi də əslində Rusiyanın hakim dairələrini daha çox şirnikləndirir. Bütün hallarda Rusiyanın təqdim edilməsi gözlənilən şərtlərdə əvvəlki tələblərindən fərqli nüansların olacağını gözləmirəm. Hətta Rusiya bu şərtlərin yumşaldılmasına da getməyəcək. Əksinə, bəlkə də daha da sərtləşmə istiqamətində Ukraynaya müəyyən tələblər irəli sürəcək ki, Kiyev onunla razılaşmasın və bundan istifadə edib, Kreml təcavüzünü daha da gücləndirsin".

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Rusiyanın bu həftə Ukraynada atəşkəs üçün şərtlərin geniş siyahısını təqdim edəcəyinə ümid etdiyini deyib. 

Xatırladaq ki, mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında iki saatdan çox davam edən telefon danışığı olub.
Hər iki dövlətin başçısı gələcəkdə mümkün sülh müqaviləsi ilə bağlı memorandum hazırlamaq barədə razılığa gəliblər.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->