Xəbər lenti

Prezident qəbullar keçirdi (YENİLƏNİB)
Foto 17:41 18.05.2026

Prezident qəbullar keçirdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd edib.

Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini deyib.

Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğulayıb.

Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd etdi və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxundu.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platforma olduğunu dedi.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunuldu, ikitərəfli gündəliyimizin çox geniş olduğu qeyd edildi. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkləmlənməsində rolu vurğulandı.

Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalandı.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.

İlk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev dedi ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.

Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirdi, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu dedi və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğuladı. O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu dedi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirdi.

Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırladı, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını dedi.

O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirdi. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.

Can Quoçin qeyd etdi ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.

Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, Azərbaycan "vahid Çin” siyasətini daim dəstəkləyir.

Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı vurğulandı.

Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olundu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulandı. Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd etdi.

Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Ölkəmizə hər səfərində inkişafın şahidi olduğu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğuladı və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirdi.

Şavkat Mirziyoyev dedi ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.

Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd etdi. Bu xüsusda vurğulandı ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlandı.

Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirildi, onların icrasından məmnunluq ifadə olundu. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunuldu.

Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq, bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.


--> -->