Xəbər lenti

Texnologiya 14:45 25.05.2026

"Microsoft" məşhur tətbiqin fəaliyyətini dayandırdı: İstifadəçilərə xəbərdarlıq edildi

"Microsoft" populyar tətbiqlərindən biri olan Outlook Lite proqramının fəaliyyətini dayandırdığını açıqlayıb. Mayın 25-dən etibarən tətbiq Android cihazlarında artıq işləməyəcək və istifadəçilərə elektron poçt xidmətləri təqdim etməyəcək.

Texnologiya nəhəngi istifadəçilərə poçt qutularına çıxışı davam etdirmək üçün Outlook Mobile tətbiqinə keçməyi tövsiyə edib.

Şirkət rəsmi açıqlamasında bildirib ki, Outlook Lite tətbiqi 25 may 2026-cı il tarixindən tamamilə istifadədən çıxarılıb və artıq poçt qutusu funksiyalarını təqdim etməyəcək. Təhlükəsiz və çoxfunksiyalı elektron poçt xidmətindən istifadəni davam etdirmək üçün Outlook Mobile tətbiqinə keçməyi tövsiyə edilib.

"Microsoft" qeyd edib ki, Outlook Lite-də olan bütün məktublar, təqvim məlumatları və əlavələr bulud yaddaşında saxlanılacaq və istifadəçilər Outlook Mobile hesabına daxil olaraq həmin məlumatlara çıxış əldə edə biləcəklər.

Şirkət həmçinin vurğulayıb ki, tətbiqin bağlanması zamanı heç bir istifadəçi hesabı və ya poçt qutusu silinməyəcək.

Qeyd edək ki, Outlook Lite tətbiqinin fəaliyyəti hələ 2025-ci ilin oktyabrından mərhələli şəkildə məhdudlaşdırılmağa başlanmışdı. Həmin tarixdən sonra yeni istifadəçilərin proqramı yükləməsinə də icazə verilmirdi.

Xatırladaq ki, Outlook Lite ilk dəfə 2022-ci ilin avqustunda təqdim edilmişdi. Tətbiq zəif texniki göstəricilərə malik cihazlarda və 2G-3G şəbəkələrində daha sürətli işləməsi üçün hazırlanmışdı. Hazırda isə onun bütün funksiyalarının əsas Outlook Mobile tətbiqində mövcud olduğu bildirilir.
 
Günay
--> -->