Xəbər lenti

İrəvan Moskvayla qalsın, yoxsa Parislə?..
Hüseynbala Səlimov
Siyasət 14:56 25.05.2026

İrəvan Moskvayla qalsın, yoxsa Parislə?..

Əgər səhv etmirəmsə, artıq ikinci həftədir ki, Ermənistan siyasətçiləri hər şeyi bir tərəfə qoyub yalnız özlərinin seçki təbliğatı ilə məşğuldurlar. 

Hətta yaxınlarda deyildi ki, baş nazir Nikol Paşinyan özü də məzuniyyət götürərək seçki kampaniyasına start verib. 

Bəzi insanlar Ermənistanda keçiriləcək seçkilərdən söz düşəndə çiyinlərini çəkib təəccüblə deyirlər ki, əşi, seçkidir də, yəni bu da böyük  problem olub? 

Belədəsə, həqiqətən böyük problemdir, mümkündür, kimsə bununla razılaşmayacaq, amma nə qədər qəribə olsa da Ermənistan indi Cənubi Qafqazın ən demokratik ölkəsi sayılır. Ondan əvvəl ən qərbpərəst və demokratik Qafqaz ölkəsi Gürcüstan hesab olunurdu və kiminsə ağlına gəlmirdi ki, dünənədək Rusiyanın nə bilim, forpostu, ya vassalı sayılan İrəvan durub birdən-birə bir çox reytinqlərdə önə keçəcək...

Bunları ona görə qeyd edirik ki, az-çox, demokratik ölkələrdə seçki həqiqətən böyük problemdir, siyasətçilər üçün bundan böyük problem yoxdur; ona görə oxuyanda, eşidəndə ki, Paşinyan metrodan baş vurub idman meydançasından çıxır, qəti təəccüblənməyin buna, adam bütün vasitələrlə populyarlığını, reytinqini artırmağa çalışır. Nəticəsi varmı?

Bizə elə gəlir ki, var. Əgər reytinqlərdə pozitiv artm tendensiyası varsa, deməli işlər yaxşı gedəcək. Seçki kampaniyasından əvvəlki sorğulara görə Paşinyan və komandası "zəiflər arasında güclü” hesab olunurdu və seçkinin nəticələrilə bağlı çox da optimist proqnozlar vermək çətin idi. Amma amerikalıların daha bir sorğusu Paşinyanın qələbə çalacağı ilə bağlı ümidləri artırır. 

Bu sorğulara görə, "Vətəndaş müqaviləsi”nə dəstək 32, əsas müxalifət bloku olan "Güclü Ermənistana” isə 6 faizdir. Lider kimi də Paşinyanın dəstəyi hamıdan çoxdur– 27 faiz! Onun əsas rəqibi hesab olunan Samvel Karapetyanı isə cəmi 6 faiz dəstəkləyir!..

Əlbəttə ki, bütün bunlar nikbinlik yaradır. Bu məsələylə bağlı da müəyyən mübahisələr yaranır. Bəzisi deyir ki, Paşinyan yox, bir qeyrisi olsun, bizimçün nə fərqi! Əlbəttə, Ermənistanda ən neqativ ssenari reallaşsa belə bunun bizimçün super-təhlükəsi yoxdur. Bəzi ekspertlər Paşinyanın uduzacağı, Rusiyanın "beşinci kolonu”nun hakimiyyətə gələcəyi təqdirdə hətta payızda Bakıyla İrəvan arasında müharibə baş verə biləcəyini ehtimal edirlər. Doğrusu, bu qədər pessemist deyilik və belə düşümürük: zənnimizcə, qatar çoxdan gedib, Ermənistan müharibəni uduzub və heç bir revanşist-filan əvvəlki status-kvonu daha bərpa etmək iqtidarında deyil...

Sözsüz, müəyyən problemlər hələ qalır. Kremlin cızıdğı senaridən bugünədək çıxa bilməyən "intellektual” Ter-Petrosyandan fərqli olaraq jurnalist Paşinyan ölkəsinin və xalqının problemlərini daha düzgün başa düşür, vaxtilə Konrad Adenauer almanların beynini faşist zəhərindən təmizləməyə çalışdığı kimi, insafən, erməni baş naziri də öz xalqı üçün edir bunu. Alınırmı? 

Bir tərəfdən Paşinyanın və partiyasının reytinqinin hamıdan yüksək olması göstərir ki, insanlar onun dediklərilə razılaşır. İkincisi, onun siyasətini də respondentlərin az qala, 60 faizdən çoxu dəstəkləyir. 

Deməli, vəziyyət tamam ümidsiz də deyil. Amma amerikalıların ən son sorğularına görə, 73 faiz Bakını, 58 faiz isə Ankaranı özləri və ölkələri üçün ən böyük təhlükə hesab edirlər! Əlbəttə, belə vəziyyət narahatlıq yaratmaya bilməz, hərçənd, onu da başa düşürük ki, insanları bir ilin, beş ilin içində bütün stererotiplərdən azad etmək olmaz, cəmiyyətin də bir növ, ətaləti olur...

Başqa bir detal da var. Rəyi soruşulanların 39 faiz Fransanı, 34 faizisə Avropanı öz ölkələrinə dost bilirlər. Yeri gəlmiş, bizim öz insanlarımızın da mülahizələrində müəyyən stereotiplər var. Söhbət nədən gedir? 

Biz daim Türkiyəylə bir "geosiyasi zənbil”də olmağa çalışdığımız kimi  Ermənistan da özünə ən yaxın ölkə kimi Fransanı görür. 

Üstəlik, Rusiyanın Cənubi Qafqazda nüfuzunun və təsirinin azalmasını istəyiriksə, bu detala bir az dözümlə yanaşmalıyıq, ən azı ona görə ki, tək qardaş Türkiyəinin köməyilə Moskvanı buradan uzaqlaşdıra, ya da zəiflədə bilmərik. İndi İrəvan daha çox Moskvayla bağlıdır, ona görə də biz də seçim etməliyik: ya Moskva, yaxud da Paris? İrəvan Moskvanın nəzarətində qalsın, yoxsa Parisin təsiri altına keçsin?..

Fikirlər müxtəlifdir. Çoxu nəinki Makrona, heç Parisə də etibar etmir, amma Yelisey sarayı bütün hallarda, Kreml deyil, onlarla danışmaq olar. Ən başlıcası, onlar buraları Rusiya kimi öz "nüfuz, maraq sferaları” hesab etmirlər. İkincisi, Makron hakimiyyətdə əbədi qalmayacaq, bir də gördün bir-iki ildən sonra rədd oldu, başqası əvəz etdi onu. Bakı və Paris isə həmişə qalacaq... 

Makrona qarşı mənfi münasibəti də başa düşürük, necə deyər, od yanmasa, tüstü çıxmaz. Amma ötən həftə deyildi ki, Fransa prezidenti Azərbaycan prezidentinə zəng edib. Məncə, Makronun Azərbaycanla bağlı siyasətindəki ziq-zaqlar həm də onunla bağlıdır ki, o, nə indiki erməni hakimiyyətini – Paşinyanı itirmək istəmir, nə də ölkəsindəki erməni mənşəli seçiciləri. Sonuncuların Paşinyana münasibəti heç də birmənalı deyil, çoxu Bakıyla İrəvan, Ankarayla İrəvan arasındakı son yaxınlaşmaları təqdir etmir, ona görə də bəzən eyni bir ölkədən eyni bir ölkəyə - Azərbaycana qarşı fərqli-fərqli bəyanatlar ünvanlanır...

Hüseynbala Səlimov
--> -->