"10 ildən sonra əhalinin sayında azalma da başlaya bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov Azərbaycanda əhalinin sayının artım tempindən danışarkən deyib.
O bildirib ki, əhali artsa da, artım tempi getdikcə zəifləyir:
"Müqayisə üçün son 10 ilə baxsaq görərik ki, müstəqillik əldə etdiyimiz dövrdə əhalimizin sayı 7 milyon idi. Artıq bir neçə ildir ki, 10 milyonu bir qədər keçmişik. Bu isə onu göstərir ki, artım tempi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb və gələcəkdə daha da azalacaq".
İqtisadçı bunun obyektiv səbəblərinin olduğunu vurğulayıb:
"Birincisi, Azərbaycanda ailə quranların sayı azalır, boşanmalar isə artır. İkincisi, bir və ya iki uşaqlı ailələr üstünlük təşkil edir. Bu isə demoqrafik artımın zəifləməsi deməkdir. Hətta ailədə üç uşağın olması belə ciddi artım yaratmır. Hesab edirəm ki, bu, Azərbaycan üçün ən böyük problemlərdən biridir".
Əkrəm Həsənovun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, əhalisi az olan dövlətlər zamanla zəifləyir:
"Yeri gəlmişkən, bizim Ermənistan üzərində üstünlüyümüz təkcə say çoxluğu ilə bağlı deyil, həm də artım tempimizin onlardan yüksək olması ilə əlaqədardır. Artan xalqın enerjisi, inkişafı və genişlənmək istəyi daha güclü olur. Tarix göstərir ki, son nəticədə daha çox əhaliyə malik xalqlar üstün mövqedə olur".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il aprelin 1-nə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 268 min 165 nəfərə çatıb.
Bahar Rüstəmli
Şərhlər