Xəbər lenti

İranın ABŞ-la bərabərhüquqlu dialoq təklifi: Tehran nə istəyir?
Dünya 13:28 07.04.2025

İranın ABŞ-la bərabərhüquqlu dialoq təklifi: Tehran nə istəyir?

"İranın yeni siyasi rəhbərliyindən gələn bu açıqlamalar göstərir ki, Tehran artıq bölgədəki dəyişən güc balansının fərqindədir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın səsləndirdiyi mübahisəli məsələlərdə ABŞ ilə bərabərhüquqlu dialoqun tərəfdarı olduqları barədə fikirlərini şərh edərkən deyib. 

Azər Hüseynov bildirir ki, Məsud Pezeşkianın ABŞ-a ünvanladığı "ya təhdid, ya dialoq" mesajı, əslində, sadə diplomatik ritorikadan daha dərindir:

"Bu, Tehran rejiminin son illərdə artan təzyiqlər və regionda formalaşan yeni koalisiyalar qarşısında öz mövqeyini yenidən tənzimləmək cəhdidir. İran siyasi elitası anlayır ki, rejimin vurulması məsələsi artıq zaman məsələsinə çevrilib - bu, texniki və strateji bir qərarın verilməsinə bağlıdır".

Ekspert qeyd edir ki, ABŞ-ın Yaxın Şərqdəki siyasəti hər zaman öz maraqları üzərində qurulub: 

"İran məsələsində isə bu maraqlar çoxsəviyyəlidir: nüvə proqramı, regiondakı şiə təsir dairəsi, İsrailin təhlükəsizliyi və körfəz dövlətləri ilə münasibətlərin qorunması. Bu kontekstdə İranın "vurulması" ehtimalı yalnız hərbi deyil, həm də siyasi və iqtisadi zərbələri nəzərdə tutur". 
 


Konfliktoloqun fikrincə, hazırda böyük ehtimalla Vaşinqton İrana mümkün müdaxilə senarisi üçün region dövlətləri, xüsusilə də Türkiyə ilə razılaşmalar axtarır:

"Çünki İran kimi böyük və strateji bir ölkəyə qarşı əməliyyatlar geniş regional koordinasiya tələb edir. Məhz bu ehtimallar İranı diplomatik səylərini artırmağa vadar edir. Tehran, bir tərəfdən, qonşularına "bizə qarşı ərazinizdən istifadə etməyin" mesajı göndərir, digər tərəfdən isə ABŞ-la təmas qurmağa çalışır. Azərbaycan və Türkiyə kimi dövlətlərin "bizim torpaqlarımız heç vaxt başqa dövlətlərə qarşı plasdarm olmayacaq" bəyanatları İran üçün bir qonşuluq və sülh jestidir. Bu, həm də onu göstərir ki, İran region ölkələrinin neytrallığını təmin etməyə çalışır, çünki bilir ki, belə bir təminat hərbi risklərin azaldılması baxımından həyati əhəmiyyət daşıyır".
 
Həmsöhbətimizə görə, indiki məqamda ABŞ-ın İrana qarşı strategiyasında yumşaq güc və sərt güc siyasətləri iç-içə keçir. 

Azər Hüseynov düşünür ki, Tehranın bərabərhüquqlu danışıqlarda israr etməsi isə daha çox daxili auditoriyaya və beynəlxalq imicə yönəlik cəhddir:

"Real siyasətdə "bərabərhüquqluluq" yalnız diplomatik etiketdə mövcuddur. Güc balansı fərqli olanda, hətta müttəfiqlərlə belə "bərabər danışıq" mümkün olmur. Zelenskinin Qərbdəki son illərdəki təcrübəsi bu mənada ibrətamizdir - dəstək çoxdur, amma şərtlər və gündəm Qərbin əlindədir”.

Pezeşkianın bəyanatları ekspertin sözlərinə görə, rejimin xarici siyasətini yumşaltmaq cəhdi kimi də dəyərləndirilə bilər: 

"Unutmayaq ki, hazırda prezidentlik islahatçı qanadın əlindədir. Onlar daxildəki sərt ideoloji xəttə qarşı xaricdə daha çevik diplomatiya ilə çıxış etmək istəyirlər. Lakin bu prosesin uğuru yalnız ABŞ və Qərbin siyasi iradəsindən deyil, həm də İran daxilindəki güc balansından asılı olacaq. Çünki nə qədər paradoksal səslənsə də, bəzən bir ölkənin xarici siyasəti xaricdən çox, daxilindəki siyasi savaşların nəticəsi olur".

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian mübahisəli məsələlərdə ABŞ ilə bərabərhüquqlu dialoqun tərəfdarı olduqlarını bildirib. O deyib ki, ölkəsinin xarici siyasəti konstruktiv qarşılıqlı fəaliyyətə və bərabərhüquqlu dialoqa əsaslanır:

"ABŞ bir tərəfdən İranı təhdid edir, digər tərəfdən isə danışıqlar aparmaq istəyir. Danışıqlar istəyirsənsə, təhdid etməyin nə mənası var? Bu gün ABŞ təkcə İrana deyil, bütün dünyaya təzyiq edir, bu cür davranış danışıqlar çağırışına ziddir".

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->