2024-cü ilin noyabrından etibarən Ukraynada rus ordusunun irəliləmə tempi davamlı şəkildə azalır və mart ayında ruslar noyabrla müqayisədə üç dəfə az ərazi ələ keçiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında qeyd
olunur.
ISW analitiklərinin geolokasiya edilmiş çəkilişlərə əsasən apardıqları hesablamalara görə, 2024-cü ilin noyabrında ruslar təxminən 627 kvadrat kilometr Ukrayna ərazisi, dekabrda – 569 kv km, yanvarda – 427 kv km, fevralda – 354 kv km, martda isə – 203 kv km torpaq ələ keçiriblər. Analitiklər təsəvvürü asanlaşdırmaq üçün əlavə edirlər ki, 203 kv km təxminən hər tərəfi 14 kilometr olan kvadrat sahəyə bərabərdir.
Diqqətçəkən məqam odur ki, ISW-nin məlumatları 5 aprel tarixində Britaniya kəşfiyyatının təqdim etdiyi göstəricilərdən fərqlənir. Britaniya tərəfinin hesablamalarına əsasən, ruslar martda 143 kv km, fevralda – 195 kv km, yanvarda – 326 kv km, dekabrda – 393 kv km və noyabrda – 730 kv km ərazi işğal ediblər.
"Britaniyanın Müdafiə Nazirliyi çox güman ki, Ukraynada Rusiyanın irəliləyişini qiymətləndirmək üçün fərqli metodologiyadan istifadə edir, lakin Britaniya Müdafiə Nazirliyinin hesabatı ISW-nin məlumatları ilə üst-üstə düşür – yəni 2024-cü ilin noyabrından 2025-ci ilin martına qədər Rusiyanın aylıq irəliləyişinin azaldığını göstərir", – deyə ISW analitikləri bildiriblər.
Ümumilikdə, Ukraynanın "DeepState” layihəsinin məlumatına görə, Rusiya 2022-ci ilin fevralından bəri 68,5 min kv km və ya Ukrayna ərazilərinin 11,35%-ni işğal edib. Krım və Donetsk ilə Luqansk vilayətlərinin əvvəldən işğal olunmuş hissələri də nəzərə alındıqda Rusiya Ukraynanın ümumilikdə 18,6% ərazisinə nəzarət edir.
ISW-nin fikrincə, işğal tempinin azalması Ukrayna Silahlı Qüvvələrinin bir neçə istiqamətdə uğurlu əməliyyatları ilə izah olunur.
Qeyd edək ki, Rusiya Liman bölgəsində irəliləyir. Novoe–Katerinovka–Nevske xəttində vəziyyət gərginləşir, çünki Rusiya ordusu burada üstünlüyə malikdir. "DeepState”in məlumatına görə, ruslar Novomixaylovka istiqamətində hücumlar həyata keçirir və Katerinovkaya davamlı təzyiq göstərirlər.
Alpər
Şərhlər