Xəbər lenti

50 ştatda etirazlar Trampı geri çəkilməyə məcbur edə bilərmi? (ŞƏRH)
Dünya 16:02 07.04.2025

50 ştatda etirazlar Trampı geri çəkilməyə məcbur edə bilərmi? (ŞƏRH)

"Artıq Trampın taktiki gedişlərində geriçəkilmələr müşahidə olunur".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın 50 ştatında Donald Tramp əleyhinə keçirilən etiraz aksiyalarının Ağ Ev adminstrasiyasına təsirini şərh edərkən deyib.

"Trampın ölkədaxili və xarici siyasətdə atdığı sərt və bəzən düşünülməmiş təsiri bağışlayn addımlar artıq rezonans verməkdədir. Bu ona görə gözlənilən idi ki, Tramp siaysi portret olaraq ideya generatoru deyil. O, sadəcə impulsiv, revanşist düşüncəli liderdir. Ölkə daxilində Tramp adminstrasiyasına qarşı ciddi təsir dalğası mövcuddur. Keçirilən bu etiraz aksiyaları əslində Trampa yox, onun adminstrasiyasında olan yeni nomenklaturaya qarşıdır. Onlara elə gəlir ki, Tramp hakimiyyəti oliqarxlar hakimiyyətidir", deyə Üzeyir Şəfiyev bildirib.
 


Ekspertin fikrincə, bu aksiyaların təbii ki, Ağ Ev rəhbərliyinə təsiri olacaq:

"Tramp hakimiyyətə gələndən sonra xaricdən idxal edilən məhsullara yüksək rüsumlar tətbiq etməklə daxili istehsalı artırıb, ixracatı hədəfləməyi qərara alıb. Ancaq o unudur ki, yürütdüyü merkantil siyasəti həm də bumeranq effektilə ABŞ-ın özünə də təsir göstərəcək. Bu da bütövlükdə ABŞ-ın daxili siyasətinə təsir göstərəcək. Beləliklə də keçirilən aksiyalar öz nəticəsini verəcək. ABŞ ictimai rəylə hesablaşan ölkədir. Trampın taktiki gedişlərində artıq geriçəkilmələr müşahidə olunur. O sanki nəbz yoxlamaq kimi addımlar atır, effekt vermədikdə isə geri çəkilib,  başqa istiqamət götürür. Daxili təzyiq və xarici dirənişlər fonunda güman ki, Tramp bir sıra məsələlərdə geri addım atmalı olacaq".

Həmsöhbətimiz son proseslər fonunda düşünür ki, Trampın daxili və xarici siyasəti həm ölkə içində, həm də kənarda birmənalı qəbul olunmamağa başlayıb: 

"Tramp hətta hakimiyyətə gəlməzdən əvvəl regional və beynəlxalq münaqişələri tənzimləməklə bağlı verdiyi vədin də öhdəsindən gələ bilmir. Çünki taktiki yanaşmaları yanlışdır. İşğalçı ilə işğal olunana eyni gözlə baxır. Nəticə olaraq Trampın reytinqi aşağı düşür".

Qeyd edək ki, ötən istirahət günləri ABŞ-ın 50 ştatında Tramp adminstrasiyasına qarşı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları Trampın yürütdüyü siyasətə etirazlarını bildiriblər. Məlumata görə, bu aksiyalarda ümumilikdə 1 milyona yaxın insan iştirak edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->