Xəbər lenti

Əhmədian Qriqoryana
Siyasət 16:00 19.05.2025

Əhmədian Qriqoryana "İran düşmənləri" deyərkən kimi nəzərdə tutub?

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bildirib ki, İran düşmənlərin Ermənistanla strateji münasibətlərini pozmağa imkan verməyəcək. "Tasnim" xəbər verir ki, bu açıqlamanı Əhmədian bazar günü Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib:

"İran və Ermənistan arasında bütün sahələrdə strateji əlaqələr və sıx əməkdaşlıq regional sülh və sabitliyə töhfə verəcək".

O bildirib ki, İran düşmənlərin iki qonşunun yaxşı münasibətlərinə xələl gətirməsinə imkan verməyəcək.

Görəsən, İran düşmənlər deyəndə hansı ölkələri nəzərdə tutur?

Qeyd edək ki, Tehran Zəngəzur dəhlizinin reallaşmasının əleyhinədir. İran dəfələrlə ən yüksək səviyyələrdə Zəngəzur dəhlizini özləri üçün "qırmızı xətt" adlandırıb. Onların iddiasına görə, bu dəhliz guya İranın Ermənistanla əlaqələrinə əngəl olmağa yönəlib. 

Düzdür, son zamanlar Tehran bu məsələdə bir qədər yumşalıb. Amma yenə də onlar sözügedən dəhlizin reallaşmasında maraqlı deyillər. Bu mənada Əli Əkbər Əhmədianın düşmənlərin Tehranla İrəvan arasındakı strateji münasibətləri pozmağa imkan verməyəcəkləri bəyanatındakı səsləndirdiyi "düşmən" obrazı çox güman ki, Azərbaycan və Türkiyəyə ünvanlanıb. Çünki Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlı olan ölkələrdir. Onun reallaşması ilə Azərbaycan Naxçıvan və Türkiyə ilə birbaşa əlaqə yarada bilər. Bu isə hər zaman olduğu kimi, indi də Tehranı qıcıqlandırır. 

Başqa bir tərəfdən, Ermənistanın İranla strateji əlaqələrində Qərb maraqlı olmasa da, indilikdə İrəvanın bu addımlarına göz yumurlar. Bununla belə, ümumi mənada Qərb Ermənistanın sanksiyalara məruz qalan İranla yaxınlaşmasını məqbul hesab etmir. Bu fonda aydındır ki, indi göz yumsalar da, hansısa bir mərhələdə Qərb İrəvandan Tehranla yaxınlaşmağa son verməyi tələb edə bilər. Sirr deyil ki, Rusiyanın başının Ukrayna müharibəsinə qarışmasında istifadə edən bəzi Qərb ölkələri, Fransa, ABŞ Ermənistanda möhkəmlənməyə çalışır. Hansı ki, İran üçün sərhədləri yaxınlığında belə bir vəziyyətin yaranması qəbuledilməzdir. Ola bilsin Əhmədian da məhz bunu nəzərə alaraq sözügedən açıqlamanı verib. 

Başq bir tərəfdən bu açıqlamanı İrəvanın özünə yönəlik açıqlama kimi də dəyərləndirmək olar. Ola bilsin, Əhmədian diplomatik jest və sözlərdən istifadə etməklə Ermənistana çağırış edib ki, Qərblə əlaqələri genişləndirməkdən əl çəksin. 

Eyni zamanda, İran rəsmisinin dedikləri daxili auditoriyaya hesablanmış addım da ola bilər. İran rəsmisi düşmənlərin Tehranla İrəvan arasındakı strateji münasibətləri pozmalarına imkan verməyəcəyini deməklə, yerli ictimaiyyət arasında rejimin kiminsə qarşısında geri çəkilməyərək, güc dilində danışmağa qadir olaraq qaldığını nümayiş etdirmək istəyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->