Rəqəmsal dünyanın bütün yükü okeanların qaranlıq dibi boyunca uzanan nazik kabellərin üzərində dayanır. Qlobal internet trafikinə demək olar ki, tamamilə bu sualtı kabellər xidmət edir. Lakin bu asılılıq xüsusilə ana materikdən uzaq ölkələr üçün ciddi təhlükə yaradır.
Qaynarinfo xəbər verir ki, dünyada iqtisadi baxımdan güclü ölkələrin də daxil olduğu 48 ada dövləti xarici dünya ilə əlaqə üçün okean dibində yerləşən cəmi 126 kabel xəttinə güvənir. Bu isə həm geosiyasi gərginliklər, həm də gündəlik dəniz fəaliyyəti baxımından ciddi risklər yaradır.
"Comparitech” tərəfindən hazırlanan hesabatda ada ölkələrinin bu infrastruktur riskləri qiymətləndirilib. Araşdırmada kabel xətlərinin sayı, dəniz nəqliyyatının sıxlığı və hərbi risk zonalarına yaxınlıq kimi amillər nəzərə alınıb.
Risk şkalasında maksimum 8 bal təhlükə səviyyəsini göstərir. Yeni Zelandiya alternativ marşrutların çoxluğu və sabit coğrafiyası sayəsində 0 balla ən təhlükəsiz ölkə kimi qiymətləndirilib. Avropada İslandiya 5 bal, Asiyada isə Bəhreyn və Bruney 6 bal ilə yüksək risk zonasında yer alıb.
İnfrastrukturun zəifliyi böhran anında dövlətlər üçün kritik problem yaradır. Böyük ölkələr zədələnən kabelin yükünü başqa xətlərə yönləndirə bilsə də, kiçik ada dövlətləri bu imkandan məhrumdur.
Tuvalu, Nauru və Kiribati kimi ölkələrdə xarici dünya ilə əlaqə bəzən yalnız bir kabel vasitəsilə təmin olunur. Bu xəttin qırılması isə faktiki olaraq ölkənin rəqəmsal təcridinə səbəb ola bilər. 2022-ci ildə Tonqada vulkan püskürməsi nəticəsində kabelin sıradan çıxması və ölkənin həftələrlə dünyadan təcrid olunması buna nümunə kimi göstərilir.
İldə təxminən 200 sualtı kabel nasazlığı baş verir və onların əksəriyyəti gəmilərin lövbərləri səbəbindən yaranır. Lakin son illərdə bu infrastruktur həm də strateji rəqabət sahəsinə çevrilib.
Məlumata görə, İran Hörmüz boğazında kabel marşrutları üzərində nəzarəti strateji üstünlük kimi görür. Rusiya sualtı hərbi aktivliyi ilə Böyük Britaniya tərəfindən izlənilir. Çin isə 4000 metr dərinlikdə kabel kəsmə qabiliyyətinə malik texnologiyalar üzərində işləyir.
Hazırda bu cür nasazlıqları bərpa edə bilən cəmi dörd xüsusi təmir gəmisi mövcuddur ki, bu da problemin miqyasını daha da artırır.
Ekspertlər bildirirlər ki, alternativ texnologiyalar – xüsusilə peyk interneti – genişlənməsə, bir çox ada ölkəsi gələcəkdə tək bir fiziki kabelə tam asılı vəziyyətdə qalmağa davam edəcək.
Aydın
Şərhlər