Super Liqada ardıcıl 4-cü dəfə çempion olan "Qalatasaray" gələn mövsüm mübarizə aparacağı Çempionlar Liqası üçün heyətini gücləndirmək məqsədilə transfer işlərini sürətləndirib.
Qaynarinfo xəbər verir ki, "sarı-qırmızılılar"ın "Real Madrid"də çıxış edən ulduz futbolçulardan biri üçün hərəkətə keçdiyi və transferdə bütün imkanları səfərbər edəcəyi bildirilir.
İspan və Fransa idman mediası "Qalatasaray"ın Eduardo Kamavinqa ilə ciddi şəkildə maraqlandığını iddia edib. Məlumatlara görə, "Real Madrid"də baş məşqçi məsələsinin böyük ölçüdə aydınlaşması və Joze Mourinyonun komandaya qayıdışı ilə heyətdə ciddi dəyişikliklərin baş verməsi gözlənilir. İspan jurnalistlər fransız yarımmüdafiəçinin ayrılma ehtimalı olan futbolçular arasında yer aldığını yazırlar. Bu vəziyyət "Qalatasaray"ın oyunçunun durumunu yaxından izləməsinə səbəb olub.
Fransa mətbuatı isə iddiaları daha da irəli apararaq "Qalatasaray" rəhbərliyinin Kamavinqa tərəfi ilə əlaqə qurduğunu və transfer üçün rəsmi addımların atıldığını iddia edir. Xəbərlərdə "sarı-qırmızılı" klubun hazırda futbolçu üçün ən ciddi namizədlərdən biri olduğu qeyd olunur.
23 yaşlı futbolçu üçün "Qalatasaray" rəhbərliyinin bir sıra vasitəçiləri işə cəlb etdiyi, oyunçunu razı salmaq üçün intensiv şəkildə çalışdığı bildirilir. Xüsusilə Çempionlar Liqası amili və klubun son illərdəki yüksəlişi danışıqlarda əsas üstünlük kimi istifadə olunur.
Kamavinqanın hazırkı bazar dəyəri təxminən 50 milyon avro olaraq göstərilir. "Real Madrid" futbolçunu 2021-ci ildə "Stade Rennais"dən 31 milyon avro qarşılığında transfer etmişdi.
İspan nəhənginin futbolçunun gələcəyi ilə bağlı hələ qəti qərar vermədiyi bildirilir. Qalatasarayın isə transferi icarə variantı ilə reallaşdırma ehtimalının daha yüksək olduğu qeyd olunur.
2025/26 mövsümündə "Real Madrid" forması ilə bütün turnirlərdə 43 oyunda meydana çıxan Kamavinqa ümumilikdə 2199 dəqiqə oynayıb. O, bu müddətdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Aydın
Şərhlər