Çin ABŞ-ni müttəfiqi olan Kubaya qarşı "məcburetmə” və "təhdidlərdən” istifadəni dayandırmağa çağırıb. Qaynarinfo-nun BBC-yə istinadla verdiyi xəbərə görə, bu çağırış Vaşinqtonun Kubanın keçmiş lideri Raul Kastroya qətl ittihamı irəli sürməsindən sonra səslənib.
ABŞ məhkəməsi 94 yaşlı keçmiş prezidenti 1996-cı ildə iki təyyarənin vurulması ilə bağlı ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsddə ittiham edib. Hadisə nəticəsində dörd nəfər həlak olub və Vaşinqtonla Karib hövzəsindəki ada dövləti arasında diplomatik gərginlik artıb.
ABŞ prezidenti Donald Tramp (Donald Trump) dəfələrlə Kubaya təzyiq göstərməyə çalışıb və bu ölkədəki kommunist rejimin devrilməsini açıq şəkildə müzakirə edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Tsyakun cümə axşamı bildirib ki, ABŞ "hər fürsətdə güclə hədələməyi dayandırmalıdır”. O əlavə edib ki, Pekin "Kubaya qətiyyətlə dəstək verir”.
Çərşənbə günü Kastro təxminən otuz il əvvəl Kuba ilə Florida arasında hərəkət edən iki təyyarənin vurulmasında iştirakda (daha beş nəfərlə birlikdə) ittiham olunub. Ona qarşı irəli sürülən ittihamlar ömürlük həbs və ya ölüm cəzası ilə nəticələnə bilər.
Kuba əsilli amerikalı müxaliflərin "Brothers to the Rescue” qrupu tərəfindən idarə olunan təyyarələrdə üç ABŞ vətəndaşı olub və onların hamısı həlak olub.
2018-ci ildə prezident postundan gedən Kastro həmin vaxt ölkənin silahlı qüvvələrinə rəhbərlik edirdi.
Hadisə ABŞ-da yaşayan kubalı mühacirlər arasında böyük etiraz doğurub və uzun müddətdir Vaşinqtonla Havana arasında mübahisə mövzusu olaraq qalır.
Kuba prezidenti Migel Dias-Kanel (Miguel Díaz-Canel) ittihamları "hər hansı hüquqi əsasdan məhrum siyasi manevr” adlandırıb.
Kubanın uzunmüddətli dəstəkçisi olan Çinin xarici işlər naziri Pekinin "hər hansı bəhanə ilə xarici qüvvələrin Kubaya təzyiq göstərmək cəhdlərinə” qarşı olduğunu bildirib.
Quo sözlərinə belə davam edib:
"Birləşmiş Ştatlar sanksiyalardan və məhkəmə mexanizmlərindən Kubaya qarşı məcburetmə aləti kimi istifadəni dayandırmalı, hər fürsətdə güclə hədələməkdən çəkinməlidir. Çin Kubanın milli suverenliyini və ləyaqətini qorumasına qətiyyətlə dəstək verir və xarici müdaxiləyə qarşı çıxır”.
Bu açıqlamalar Ağ Evin Kubaya təzyiqi artırdığı bir vaxtda verilib.
ABŞ bu ölkəyə yeni sanksiyalar tətbiq edib və Kubaya neft tədarükünə blokada qoyub. Bu addım elektrik kəsintiləri və ərzaq çatışmazlığı ilə nəticələnib.
Bu ayın əvvəlində Tramp Kubanın enerji, müdafiə, maliyyə və təhlükəsizlik sektorlarındakı rəsmilərə, həmçinin ABŞ-ın insan hüquqlarının pozulmasında və ya dövlət əmlakının mənimsənilməsində ittiham etdiyi şəxslərə sanksiyalar tətbiq edən fərman imzalayıb.
Yanvar ayında Venesuelanın keçmiş prezidenti Nikolas Maduro (Nicolás Maduro) narkoterrorizm və narkotik qaçaqmalçılığı ittihamları üzrə ABŞ-da məhkəmə qarşısına çıxarılmaq üçün saxlanıldıqdan sonra Tramp açıq şəkildə Kubanın "süquta hazır” olduğunu bildirib.
Çin sədri Si Szinpinin (Xi Jinping) 2014-cü ildə adaya səfərindən sonra Çin Kuba ilə münasibətlərini daha da yaxınlaşdırıb.
2018-ci ildə Kuba Çinin "Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub. Bu təşəbbüs çərçivəsində adada bir neçə strateji infrastruktur layihəsi maliyyələşdirilib.
Aydın
Şərhlər