Avropada immiqrantların sayı azalır, deportasiya qərarlarının sayı isə artır.
Qaynarinfo xəbər verir ki, "Euronews”un "Eurostat” məlumatlarına istinadən yaydığı xəbərə görə, bu tendensiya müvəqqəti dəyişiklikdən daha çox uzunmüddətli prosesə bənzəyir.
2022-ci ildən etibarən Avropa İttifaqına daxil olan yeni miqrantların sayı davamlı şəkildə azalır. Belə ki, göstərici 5,4 milyondan 2024-cü ildə 4,5 milyona düşüb ki, bu da 24%-lik azalma deməkdir.
2025-ci ildə sığınacaq alaraq qoruma statusu qazanan şəxslərin sayı da azalaraq 361 min nəfərə enib. Bu, 2019-cu ildən bəri ən aşağı göstəricidir.
Bunun fonunda deportasiya qərarlarının sayı isə artıb. Ötən il Avropa ölkələri tərəfindən təxminən yarım milyon deportasiya qərarı verilib ki, bu da 2019-cu ildən bəri ən yüksək göstərici hesab olunur.
Hərçənd ki, faktiki olaraq deportasiya edilənlərin sayı daha azdır, 2024-cü ildə 155 min nəfərin ölkədən çıxarılması 2020-ci ildən bəri ən yüksək nəticə olub.
2025-ci ildə ən çox deportasiya edilən miqrant qrupu Türkiyə vətəndaşları olub – 13 mindən çox nəfər. Sonrakı yerlərdə gürcülər (10 475 nəfər), suriyalılar (8 370 nəfər) və albanlar (8 020 nəfər) qərarlaşıb.
Ən çox deportasiya həyata keçirən ölkə Almaniya olub – təxminən 30 min nəfər. Sonrakı yerlərdə Fransa (təxminən 15 min nəfər) və İsveç (11 mindən çox nəfər) gəlir.
Deportasiya qərarlarının sayına görə isə Fransa Almaniyanı xeyli qabaqlayıb. Belə ki, Fransa 2025-ci ildə 138 min deportasiya qərarı verib, Almaniyada isə bu rəqəm 55 min olub.
İspaniya 54 min, Niderland isə 32 min deportasiya qərarı ilə siyahıda növbəti yerləri tutub.
Aydın
Şərhlər