Xəbər lenti

Xaricə səfərlər niyə azalır? - Ekspert səbəbləri açıqladı
Ekonomiks 16:36 21.05.2026

Xaricə səfərlər niyə azalır? - Ekspert səbəbləri açıqladı

"Azərbaycanlıların xaricə səfərlərinin azalmasının əsas səbəbi dünyada baş verən proseslərdir”.

Bunu "Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. 

Ekspertin fikrincə, azalmada iqtisadi aktivlik də mühüm rol oynayır:

"Düşünürəm ki, əsas azalma Hörmüz istiqamətində baş verən proseslərlə bağlıdır. Xatırlayırsınızsa, iki ay əvvəl ölkəmizin ərazisinə raket düşmüşdü. Fikir  versəniz, ən böyük azalma İrana səfərlərdə  müşahidə olunur. İran turizm istiqaməti kimi  əhəmiyyətli paya malik idi. Şərq istiqaməti faktiki olaraq sıradan çıxıb”.
 

 
Xalid Kərimlinin sözlərinə görə, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət qiymət artımına da səbəb olub:

"Neft qiymətlərinin yüksəlməsi ənənəvi marşrutlara da təsir göstərdi. Əlverişli qiymətlərin əsas səbəblərindən biri Yaxın Şərqdəki hava nəqliyyatı hablarında mövcud olan rəqabət idi. Həmin habların fəaliyyətinin zəifləməsi, eyni zamanda neftin bahalaşması səyahət planlarına ciddi təsir etdi. Bir çox səfərlər təxirə salındı və ya ləğv edildi. Həm aviabiletlər bahalaşdı, həm də risk və narahatlıq artdı. İnsanlar da bunu nəzərə alaraq planlarını dəyişdirdilər”.

Xatırladaq ki, statistik məlumatlara əsasən, 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalıb. Bu ilin ilk dörd ayında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər təşkil edib.

Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkə Türkiyə olub. Səfərlərin 40,8 faizi Türkiyənin, 10 faizi Rusiyanın, 7,1 faizi Gürcüstanın, 31,4 faizi isə İranın payına düşüb.

Bahar Rüstəmli
--> -->